Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Elsevər Səfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Elvin Teymur-Zadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 4 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, hadisə bu il saat 19:30 radələrində Abşeron rayonu, Binəqədi–Novxanı yolu istiqamətində yerləşən yeni yaşayış massivində baş verib.
İş materiallarından məlum olub ki, Elsevər Səfərov etibarnamə əsasında istifadəsində olan “BYD Destroyer 05 Plug-in Hybrid” markalı avtomobili yolun kənarında saxlayaraq salonunda sərnişin qismində əyləşmiş keçmiş həyat yoldaşı, zərərçəkmiş Cəmilə Dadaşova (adı, soyadı şərtidir) ilə söhbət edib. O, ailə münasibətlərinin yenidən bərpa olunmasını, barışaraq birlikdə yaşamağı təklif edib və gələcəkdə ona dəstək olacağını bildirib. Lakin zərərçəkmiş şəxs bu təklifə etiraz edib. Bu səbəbdən tərəflər arasında qısqanclıq və şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs əsəbiləşərək avtomobilin sükanı arxasında əyləşdiyi vəziyyətdə qarşı sağ oturacaqda olan Cəmilənin sifətinə, sifətinin sol hissəsinə və baş nahiyəsinə ardıcıl əl və yumruq zərbələri endirib.
Nəticədə zərərçəkmiş şəxs sol göz orbitasının hematoması, sol gözün ağlı qişasına qansızma, alın nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri alıb.
Məhkəmə iclasında Elsevər Səfərov özünü qismən təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, keçmiş həyat yoldaşı ilə görüşərək ona işində kömək edəcəyini bildirib, eyni zamanda başqa kişilərlə danışmamasını istəyib. Məhz bundan sonra aralarında mübahisə yaranıb və Cəmilə Dadaşova onun ünvanına nalayiq ifadələr işlədib.
Təqsirləndirilən şəxs bildirib ki, məqsədi keçmiş həyat yoldaşı ilə barışmaq olub. O, qadını sakitləşdirmək üçün başından tutaraq özünə tərəf çəkmək istəyib. Həmin vaxt Cəmilənin başının avtomobilin salon hissəsinə dəydiyini iddia edib.
Elsevər Səfərov keçmiş həyat yoldaşına yumruq vurmadığını və ona qarşı qəsdən fiziki zorakılıq tətbiq etmədiyini məhkəmədə bildirib.
Zərərçəkmiş Cəmilə Səfərova isə məhkəmədə fərqli ifadə verib. Onun sözlərinə görə, hadisə günü marketə gedərkən təsadüfən keçmiş həyat yoldaşı Elsevər Səfərovla qarşılaşıb. Görüşmək və ya danışmaq niyyəti olmayıb.
Qadın söyləyib ki, təqsirləndirilən şəxs onu iradəsinin əleyhinə avtomobilə mindirib. Avtomobildə olarkən digər kişilərlə danışmamasını tələb edib. O isə iş fəaliyyəti ilə əlaqədar kişilərlə ünsiyyət saxlamasının zəruri olduğunu deyərək buna etiraz edib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, bundan sonra Elsevər Səfərov avtomobili Novxanı istiqamətində hərəkət edib və mübahisə davam edib. Uzun sürən gərginlik zamanı o, əsəbiləşərək təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib.
Qadın məhkəmədə bildirib ki, hadisə zamanı avtomobilin qapısı açıq olub və bir neçə dəfə maşından düşməyə cəhd etsə də, qarşı tərəf buna mane olub. Onun iddiasına görə, Elsevər Səfərov qarşıya əyilərək qapını tutub və avtomobildən enməsinə imkan verməyib.
Daha sonra isə başından tutaraq avtomobilin ön hissəsində yerləşən əyləc nahiyəsinə vurub.
Cəmilə deyib ki, ki, aldığı zərbədən sonra təxminən 40 dəqiqə huşsuz vəziyyətdə qalıb. O, həmçinin təqsirləndirilən şəxsin əvvəllər də ona psixoloji təzyiq göstərdiyini, uşaqlarla maraqlanmadığını və daha əvvəl də onun barəsində şikayət etdiyini deyib. Əvvəlki şikayəti barışdıqları üçün icraata xitam verilib. Hazırda isə Cəmilə yenidən şikayətçi olduğunu bildirərək məhkəmədən Elsevər Səfərov barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edib.
