“İrəvanda keçirilən etiraz aksiyalarının və Paşinyanın istefasının tələb olunmasının arxasında ABŞ-ın əli var”.
Bu sözləri Türkiyənin Qaziantep Universitenin müəllimi, dosent, siyasi ekspert Əli Fuad Gökçə KONKRET.az-a müsahibəsində deyib.
Ekspertlə müsahibəni təqdim edirik:
– Əli bəy, Azərbaycan Ordusu başlatdığı lokal antiterror tədbirlərini 24 saat ərzində zəfərlə bitirdi. Bununla da erməniləri növbəti dəfə məğlub etdik. Bəs bundan sonra nələr proqnozlaşdırılır?
– Öncəliklə, Azərbaycan Ordusunu və xalqını zəfər münasibətilə təbrik edirəm. Azərbaycan bir daha Ermənistanı məğlub etdi. Amma unutmaq olmaz ki, ermənilər 44 günlük Vətən müharibəsində də məğlub olmasına rəğmən, bunu həzm edə bilmədilər. Yəni onlar məğlubiyyəti yenə də həzm etməyə bilərlər. Hətta ermənilərin diasporu, ABŞ-ı və Fransanı arxalarına alaraq yeni təxribatlara cəhd etməsi də mümkündür.
Hesab edirəm ki, Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirməsi də buna nümunə ola bilər. Ümumiyyətlə, bir ölkə hərbi təlim keçirəndə düşmənlərinə qarşı hərəkət planlarını nəzərdən keçirir. Rəsmi İrəvan isə Azərbaycanı düşmən olaraq görür. Dolayısı ilə Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsi Azərbaycana qarşı edəcəyi potensial müharibənin hərəkət planlarını sınaqdan keçirmək məqsədi daşıyır.
Ona görə də ermənilərin yenidən müharibəyə hazırlana biləcəyini təxmin etmək olar. Yəni Ermənistan özünü güclü gördüyü anda tarixi Azərbaycan torpaqlarını yenidən işğal edə bilmək üçün hücum edə bilər. Həmçinin, Ermənistanın gələcəkdə də bölgədə qeyri-qanuni silahlı dəstələri və terrorçuları dəstəkləyərək, yeni təxribatlar həyata keçirməyə cəhd etmək ehtimalı da yüksəkdir.
– Qarabağda yaşayan erməni əsilli vətəndaşların Azərbaycana reinteqrasiya prosesində Türkiyənin də rol oynaması gündəmə gələ bilərmi?
– Təbii ki, Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyası məsələsində Türkiyə də rol oynaya bilər. Düşünürəm ki, rəsmi Ankaranın da Azərbaycan hökuməti ilə koordinasiyalı şəkildə bölgəyə humanitar yardımlar göndərməsi mümkündür.
Bununla yanaşı, Azərbaycan hökumətinin və Prezidentinin açıqlamaları da olduqca önəmlidir. Prezident İlham Əliyev Qarabağdakı erməni icması ilə Azərbaycan xalqının birlikdə yaşaya biləcəyini vurğulayıb. Ermənilər bölgəni tərk etmək istəsələr də, Azərbaycanın dövlət başçısı “birlikdə yaşaya bilərik” deyərək humanist mövqeyini ortaya qoyub. Bu, çox önəmli məsələdir. Hətta bu açıqlama belə Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşamağı üçün olduqca əhəmiyyətlidir.
– Son günlərdə Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələb olunur. İrəvanda hər gün etiraz aksiyaları və mitinqlər keçirilir. Sizcə, Paşinyanı devirmək istəyənlərin arxasında kim dayanır?
– Nikol Paşinyan Azərbaycanın tarixi qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində yanlış yönləndirildi. Görünür, o dönəm Azərbaycan Ordusunun gücü ona tam olaraq deyilmədiyi üçün müharibə qərarı verdi. Yəni komandası onu yanıltdı və bu səbəbdən də məğlub oldu. Məncə, Paşinyan da artıq bunun fərqindədir. Əslində o da Ermənistan xalqının rifahı üçün bölgədə sülhün əldə olunmasını istəyir. Bu mənada həm Qarabağın Azərbaycan torpağı olduğunu bəyan etməsi, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə gəlməsi olduqca mühümdür.
Amma Ermənistandakı bəzi revanşist qruplar Paşinyana təsir edərək və ya onun xəbəri olmadan bölgədə fəaliyyət göstərirlər. O da bir reallıqdır ki, heç bir dövlət və ya hökumət başçısının xəbəri olmadan harasa əsgər və hərbi texnika göndərmək mümkün deyil.
Düşünürəm ki, İrəvanda keçirilən etiraz aksiyalarının və Paşinyanın istefasının tələb olunmasının arxasında ABŞ-ın əli var. Çünki rəsmi Vaşinqton onu devirərək daha rahat qərbyönümlü siyasət aparacaq baş naziri iqtidara gətirmək istəyir. Əslində Paşinyan ABŞ-ın siyasətini çox istəməsə də, öz ölkəsindəki revanşistlər tərəfindən buna vadar edilir. Lakin o, buna qarşı müqavimət göstərir. Ona görə də Ağ Ev Nikol Paşinyanı hakimiyyətdən göndərmək istəyir. Hətta Paşinyana qarşı çevriliş cəhdi də ola bilər.
– Həmçinin, Ermənistanla Rusiya arasındakı gərginlik də son günlərdə pik səviyyəsinə çatdı və tərəflər arasında ciddi kriz yaşandı. Necə düşünürsünüz, iki ölkə arasındakı münasibətlər bundan sonra necə olacaq?
– Hazırda Paşinyanın istəməməsinə rəğmən, revanşist qüvvələr Ermənistanı ABŞ-la yaxın münasibətlər qurmağa məcbur edir. Yəni Paşinyan ölkəsindəki qərbyönümlü qüvvələrlə mübarizə apara bilmədiyi üçün Ermənistanla ABŞ yaxınlaşır. Daxildəki revanşist qüvvələr Baş naziri Azərbaycanla yeni müharibə aparmağa və ABŞ-la birlikdə hərəkət etməyə məcbur edirlər. Lakin İrəvan Vaşinqtonla münasibətlərini dayandırmasa, Rusiya ilə əlaqələri düzəlməyəcək. Son dönəmdə, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın onları dəstəkləməməsi Ermənistanda xəyal qırıqlığı yaradıb.
Ona görə də erməni diasporunun dəstəyi və ABŞ-ın oradakı siyasəti səbəbi ilə rəsmi İrəvan tamamilə Qərbə meylləndi. Bu isə Kremlin narazılığına səbəb oldu. Düşünürəm ki, Ermənistan ABŞ-la münasibətlərinə bu şəkildə davam edərsə, Moskva ilə əlaqələri daim soyuq olacaq. Bu vəziyyət davam edəcəyi təqdirdə isə Rusiya hər zaman Azərbaycanın yanında yer alacaq. Yəni rəsmi Moskva ABŞ-ın Cənubi Qafqaza girməyini istəmədiyi üçün İrəvanın addımlarını dəstəkləməyəcək.
– Ötən günlərdə Polşanın Baş naziri Mateuş Moravetski Ukraynaya silah satmayacaqlarını açıqladı. Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri rəsmi Kiyevə ən çox hərbi və siyasi dəstək verən ölkələrdən birinin bu addımı atması balansı necə dəyişəcək?
– Polşa Baş naziri Mateuş Moravetskinin bu açıqlaması çox kritikdir. Nəzərə almaq lazımdır ki, Ukraynaya ən çox silah verən ölkələrdən biri Polşa idi. Həmçinin, ora ən çox silah da məhz Polşa üzərindən göndərilirdi. Çünki sözügedən ölkələr həmsərhəddir. Lakin indiki vəziyyətdə ölkələrin Ukraynanı dəstəkləyəcək pulu da, silahı da qalmayıb.
Ümumiyyətlə, müharibə iqtisadiyyatını idarə etmək çox çətindir. Polşa da iqtisadiyyatının zəiflədiyini gördü və Ukraynaya verilən yardımların davam edə bilməyəcəyini düşündüyü üçün bu addımı atdı. Üstəlik, Ukraynadakı müharibənin uzanması Polşanın da zərər görməsinə səbəb olur. Belə ki, bu ölkəyə gedən ukraynalı qaçqınların sayının çox olması rəsmi Varşavanı da narahat edir. Bu gün miqrantları saxlamaq da çox ağırdır. Dolayısı ilə Polşa da artıq müharibənin bitməsini və qaçqınların öz ölkərinə getməsini istəyir.
Elmir Kamal,
KONKRET.az