18 yerlik nəqliyyat vasitələrində əlavə, qeyri-standart oturacaqların quraşdırılması və sərnişinlərin normadan artıq yığılması son vaxtlar ictimai narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Bu cür halların həm yol hərəkəti təhlükəsizliyi, həm də sərnişinlərin həyatı baxımından ciddi risklər yaratdığı bildirilir. Xüsusilə, qəza zamanı təxliyənin çətinləşməsi, texniki normativlərin pozulması və nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar gündəmə gəlir.
Bəs 18 yerlik nəqliyyat vasitəsində 25 sərnişin daşınması nə dərəcədə qanunidir və bu, insanların həyatı üçün real təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sərnişindaşımada əsas meyarlardan biri sərnişin axınının düzgün idarə olunmasıdır.

Onun sözlərinə görə, mövcud problemlərin əsas səbəblərindən biri daşımanın rentabelliyə uyğun qurulmaması və sərnişinlərin düzgün paylaşdırılmamasıdır:
“Bir istiqamətdə sərnişin məmnunluğu yoxdursa, bunun müxtəlif səbəbləri var. Əsas məsələlərdən biri daşıma sisteminin sərnişin axınına uyğun təşkil edilməməsidir. Sərnişinlər düzgün şəkildə paylaşılmır və bu, ümumi nəqliyyat axınına mənfi təsir göstərir.
Əgər avtobus və ya mikroavtobus 18 yerlikdirsə, onun tutumu və istismar qaydaları buna uyğun hesablanıb. Əlavə oturacaqların quraşdırılması və sərnişin sayının 25 nəfərə çatdırılması düzgün yanaşma deyil. Bu, təhlükəsizlik riskləri yaradır. Qəza zamanı həm sərnişinlərin hərəkəti məhdudlaşır, həm də operativ təxliyə çətinləşir”.
A.Əsədov vurğulayıb ki, ayaqüstü sərnişin daşınmasına müəyyən hallarda icazə verilə bilər, lakin bunun da maksimum həddi olmalıdır:
“Əgər 18 oturacaq varsa, buna uyğun müəyyən sayda ayaqüstü sərnişin norması ola bilər. Amma bu, nəqliyyat vasitəsinin texniki imkanları və təhlükəsizlik standartları daxilində olmalıdır. Əks halda bu cür yüklənmə problemləri davam edəcək”.
Ekspertin fikrincə, problemin həlli üçün sərnişin axınına uyğun daşıma vasitələrinin cəlb olunması, nəzarət mexanizmlərinin gücləndirilməsi və normadan artıq yüklənməyə qarşı daha sərt tədbirlərin görülməsi vacibdir. O, hesab edir ki, yalnız bu halda həm sərnişin təhlükəsizliyi, həm də xidmət keyfiyyəti təmin oluna bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
