“Məndə Ermənistanın müdafiə nazirinin tamamilə fərqli bir reallıqda yaşadığı təəssüratı var”.
KONKRET.az erməni mətbuatına istinadən xəbər veir ki, bu fikirləri “şərəfim var” fraksiyasından seçilən deputat Tiqran Abrahamyan səsləndirib. O bildirib ki, Ermənistan müdafiə nazirinin öz iradəsi, yaxud başqalarının təsiri ilə belə bir rola girdiyini bilmir: “Amma aydındır ki, ordunun döyüş effektivliyinin və ya nüfuzunun bərpasına şişirdilmiş imic yaratmaqla başlamamalıdır. Çünki bu müharibəyə heç bir şəkildə kömək etmir”.
Abrahamyan daha sonra deyir: “Müdafiə Nazirliyi sərhəddə şiddətli bir atışmanın olduğu və “Artsax”da erməni əsgərinin yaralandığı haqda məlumat verir, digər tərəfdə isə müdafiə naziri “güclü adam” qılığına girərək müxtəlif silahlardan necə atəş açıldığı haqda video yayımlayır. Bir qayda olaraq sərhəddə baş verən proseslərə mənalı şəkildə reaksiya versəm də, müdafiə nazirinin davranışları mənə çatmır”.
“Müdafiə nazirinə başa salmaq lazımdır ki, “əzələ”ni sərhəddə, düşmənin (red.Azərbaycan) hərəkətinin qarşısını almaq üçün nümayiş etdirmək lazımdır. Bütün digər hallarda bu davranış qəbuledilməzdir və heç bir yerə aparmır” – deyə Tiqran Abrahamyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
