Ən təhlükəli vulkanlardan biri yenidən püskürdübackend

Ən təhlükəli vulkanlardan biri yenidən püskürdü

Qvatemalada dünyanın ən aktiv və təhlükəli vulkanlarından sayılan Fuego vulkanı yenidən püskürməyə başlayıb. Güclü vulkanik aktivlik səbəbindən ölkədə narıncı təhlükə səviyyəsi elan olunub, vulkanın yaxınlığında yaşayan sakinlərin təxliyəsinə start verilib.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, vulkanın kraterindən lava axınları püskürür, göyə isə kül və tüstüdən ibarət nəhəng sütunlar qalxır.

Hakimiyyət təhlükənin artması ilə əlaqədar ölkə üzrə ikinci ən yüksək xəbərdarlıq səviyyəsini – narıncı təhlükə rejimini tətbiq edib. Eyni zamanda Fuego vulkanının ətəyində yerləşən yaşayış məntəqələrinin sakinləri təhlükəsiz ərazilərə köçürülür.

Fuego vulkanı Syerra-Madre dağ silsiləsində, Qvatemalanın ən məşhur turizm mərkəzlərindən biri olan Antiqva şəhərindən təxminən 16 kilometr qərbdə yerləşir.

Vulkan demək olar ki, fasiləsiz aktivliyi ilə seçilir. Burada hər 15-20 dəqiqədən bir kül və tüstü püskürməsi, eləcə də zəif partlayışlar müşahidə olunur. Lakin iri miqyaslı püskürmələr daha nadir hallarda baş verir. Hazırkı hadisə 2015-ci ildən bəri doqquzuncu, son dörd ildə isə üçüncü güclü püskürmə hesab olunur.

Xatırladaq ki, Fuego vulkanı son illərdə də dağıdıcı püskürmələrlə gündəmə gəlib. 2023-cü ildə baş verən püskürmə zamanı təxminən 1700 nəfər təhlükəli ərazidən təxliyə edilmişdi.

Vulkanın ən faciəli püskürməsi isə 2018-ci ildə qeydə alınıb. Həmin vaxt lava və piroklastik axınlar yaxınlıqdakı yaşayış məntəqələrini bürümüş, nəticədə 215 nəfər həyatını itirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*