80 manatlıq Prezident təqaüdü ilə bağlı VACİB AÇIQLAMAbackend

80 manatlıq Prezident təqaüdü ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü ödənilir. Bu təqaüddən Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları, eləcə də döyüş əməliyyatları aparılan ölkələrdə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçular yararlanırlar.

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.

Banklar bizi necə tanıyır? – Hansı məlumatlar toplanır və təhlil olunur? –  - Medianews.az

Professorun sözlərinə görə, veteranlara ödənilən 80 manatlıq Prezident təqaüdü 2019-cu ildə müəyyən edilib və hazırda da qüvvədədir.

“2025-ci ildə bir sıra sosial ödənişlərin məbləği artırılsa da, müharibə veteranlarına ödənilən 80 manatlıq Prezident təqaüdündə dəyişiklik edilməyib. Veteranlara verilən aylıq təqaüdün ilin sonunadək 100 manata çatdırılması hüquqi baxımdan mümkündür. Belə bir artım yalnız Azərbaycan Respublikası Prezidentinin yeni fərmanı ilə həyata keçirilə bilər. Lakin hazırda təqaüdün 100 manata çatdırılması ilə bağlı hər hansı rəsmi qərar və ya açıqlama yoxdur. Bu səbəbdən belə bir artımın baş verəcəyini qəti şəkildə söyləmək mümkün deyil”, – deyə professor qeyd edib.

R.Sabir əlavə edib ki, son dövrlərdə veteran təşkilatları və ictimaiyyətin bəzi nümayəndələri də Prezident təqaüdünün artırılmasının məqsədəuyğun olduğunu bildirirlər. Bununla belə, bu təkliflər hələlik rəsmi qərar səviyyəsinə yüksəlməyib.

Professor hazırkı maliyyə yükünə də diqqət çəkib. Onun sözlərinə görə, hazırda ölkədə 182 min 961 müharibə veteranı var. Dövlət hər ay onlara ödənilən 80 manatlıq Prezident təqaüdü üçün təxminən 14 milyon 636 min 880 manat vəsait ayırır.

“Əgər təqaüdün məbləği 100 manata çatdırılarsa, bu, dövlət büdcəsi üçün aylıq təxminən 3 milyon 659 min manat, illik isə 43 milyon 910 min manat əlavə maliyyə yükü demək olacaq”, – deyə o vurğulayıb.

Professorun fikrincə, müharibə veteranlarına ödənilən Prezident təqaüdünün artırılması onların sosial müdafiəsinin daha da gücləndirilməsinə və rifah səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərə bilər.

Aynurə İsmayıl,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*