“Əsl təhlükə budur” – Donald Trampbackend

"Əsl təhlükə budur” - Donald Tramp

ABŞ prezidentliyə namizəd Donald Tramp nüvə silahını bəşəriyyət üçün ən böyük təhlükə hesab etdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

O, indiki ABŞ prezidenti Co Bayden iqlim dəyişikliyini “ən böyük ekzistensial təhlükə” adlandırmasını tənqid edib.

“Bizdə nüvə silahı olan dəli insanlar var. Onlar zərər vura bilərlər. Bu barədə mən hətta danışmayacağam. Bu, məhvolma deməkdir. Əsl təhlükə budur”, – deyə Tramp bildirib.

O, “dəlilər” dedikdə kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Maraqlıdır ki, bir tərəfdən Donald Tramp prezidentliyi dövründə rusiyalı həmkarı Vladimir Putinlə nüvə silahından imtina etmək üçün çalışdığını bildirir, digər tərəfdən isə 2017-ci ildə Şimali Koreyaya qarşı nüvə silahından istifadə etməyin və məsuliyyəti başqa ölkənin üzərinə qoymağın mümkünlüyünü etiraf edir. Hər halda, bu barədə “New York Times”ın jurnalisti Maykl Şmidtin qələmə aldığı kitabda deyilir.

Xatırladaq ki, dünyada beş rəsmi nüvə dövləti var. Onlar həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa. Qeyri-rəsmi olaraq İsrail, Hindistan, Şimali Koreya və Pakistan nüvə silahına malikdir. Nüvə arsenalının həcminə görə liderlər Rusiya və ABŞ-dır. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin yanvar ayına olan məlumatına görə, Rusiyada 4,5 min, ABŞ-da isə 3,7 min nüvə başlığı var.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*