ABŞ-da fəaliyyət göstərən səhiyyə göstəriciləri və qiymətləndirmə İnstitutu (IHME) koronavirusdan ümumi ölüm hallarının qiymətləndirilməsinə dair hesabat yayıb.
KONKRET.az xəbər verir ki, hesabata əsasən indiyə qədər dünyada koronavirusdan 6.93 milyon nəfər ölüb, bu da rəsmi rəqəmlərdən (3.24 milyon) iki dəfə çoxdur. IHME analitikləri yeni hesablama metodikası tətbiq ediblər və bütün dünya üzrə koronavirusdan ölüm hallarına dair ölkələrin açıqladıqları rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəliblər.
Əvvəllər koronavirusdan ölümlərin sayını hesablamaq üçün institut rəsmi qeydə alınmış halları istifadə edirdi. İndi isə yanaşmanı dəyişib, bunu onunla əsaslandırıb ki, ölkələrin təqdim etdiyi statistika açıq-aşkar azaldılıb. İnstitutun alimləri koronavirusdan ümumi ölüm hallarının sayını hesablamaq üçün ölkələrin əvvəlki illərdəki təbii ölüm səviyyəsi ilə müqayisə aparıblar. Məlum olub ki, əksər ölkələrdə koronavirusdan ölənlərin sayına dair rəsmi rəqəmləri çıxandan sonra geridə qalan ölüm hallarının sayı əvvəlki illərdəki ölüm hallarının sayından qat-qat yuxarıdır. Hərçənd mütəxəssislər bu fərqin bir qismini koronavirus pandemiyasına görə səhiyyə sisteminin digər xəstəliklərə yetərli diqqət ayıra bilməməsi, pandemiyanın yaratdığı psixi pozğunluqlar, içki aludəçiliyi və digər səbəblərdən baş verən ölümlərlə izah edir.
IHME direktoru Kristofer Mürrey bildirib ki, pandemiyanın nəticələri təsəvvür ediləndən daha betərdir.
Hesabata əsasən ABŞ-da koronavirusdan ölənlərin sayı 906 min nəfərə yaxındır, rəsmi statistika isə bundan az qala iki dəfə aşağıdır-574 min nəfər. Meksikada koronavirusdan ölənlərin rəsmi sayı 218 min nəfərə yaxın göstərilsə də real rəqəm bundan üç dəfə çoxdur-617 min nəfər. Rusiyada isə rəsmi rəqəmlərə görə koronavirusdan 109 min nəfər ölüb. Lakin institutun mütəxəssisləri bu rəqəmin əslində 594 min nəfərə yaxın olduğunu hesablayıblar. Qazaxıstanda koronavirusdan ölənlərin sayı rəsmən 5620 nəfər göstərilir (hesabatın hazırlandığı dövrə olan məlumat), əslində isə bu ölkədə 82 min nəfərə yaxın adam virusdan ölüb.
Virtualaz.org
