AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində olublar. Əməkdaşlar Xüsusi Məktəbin dərs otaqları, tədris korpusu və maddi-texniki bazası ilə yaxından tanış olublar.
KONKRET.az xəbər verir ki, sonra Xüsusi Məktəbin müəllimləri və kursantlarının iştirakı ilə “Sərhəd təhlükəsizliyinin təmin olunmasında müasir informasiya texnologiyalarının və süni intellektin rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.
Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra DSX Xüsusi Məktəbinin rəis müavini, tədris şöbəsinin rəisi, mayor Cabir İsgəndərov çıxış edərək görüşün əhəmiyyətini qeyd edib. O, iki il öncə məktəb kursantlarının İnformasiya Texnologiyaları İnstitutuna təşkil olunan ekskursiyasını xatırladaraq, həmin görüşün faydalı müzakirələrlə yadda qaldığını vurğulayıb.
Mayor Cabir İsgəndərov müasir dövrdə sürətlə dəyişən çağırışlar fonunda artıq ənənəvi təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini, buna görə də sərhəd təhlükəsizliyində süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin mühüm əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan gələcək zabitlərimizin analitik düşüncəyə, texnoloji savada və geniş dünyagörüşə malik olmalarının zəruriliyini vurğulayıb.
O, Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda innovasiya mühitinin uğurla formalaşmaqda olduğunu, təhlükəsizlik sektorunda müasir texnologiyaların tətbiqinin genişləndiyini deyib. Vurğulayıb ki, bu kimi elmi seminarlar kursantların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ texnologiyalara marağının artırılmasına və DSX-nin qarşıya qoyduğu strateji vəzifələrin icrasına mühüm töhfə verəcəkdir.
Sonra seminarda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim əvvəlcə tədbir iştirakçılarına İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-innovativ layihələr haqqında məlumat verib. İnstitutda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı araşdırmaların aparıldığını, dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak edildiyini bildirib.
Akademik Rasim Əliquliyev qeyd edib ki, institutun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, gənclərin elmə cəlb edilməsi, eləcə də istedadlı şagirdlərə dəstəyin göstərilməsi, hamilik edilməsidir.
Alim bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Son dövrlərdə ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulayıb.
Baş direktor bildirib ki, son illər ərzində Dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, eləcə də Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılması ilə bağlı qarşıya qoyulan strateji vəzifələrin icrası ölkəmizdə kibertəhlükəsizliyin, kibersuverenliyin gücləndirilməsi, rəqəmsal dövlətin inkişaf etdirilməsi və süni intellekt texnologiyalarının geniş tətbiqini nəzərdə tutur.
Müasir dövrdə dövlətin suverenliyinin qorunmasının yalnız siyasi-ideoloji və hərbi güclə deyil, həm də texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı olduğunu söyləyən alim, onu da bildirib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, milli maraqların etibarlı təmin olunması və müxtəlif təhdidlərə qarşı dayanıqlı təhlükəsizlik sisteminin qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Akademik Rasim Əliquliyev rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqinin bütün dövlətlər qarşısında yeni çağırışlar formalaşdırdığını, Azərbaycanın da bu istiqamətdə dinamik inkişaf edərək rəqəmsal transformasiya prosesində fəal iştirak etdiyini deyib:
“Belə bir şəraitdə ölkədə yetişən gənc nəsil, eləcə də bütün vətəndaşlar müasir dövrün tələblərinə cavab verməli, yeni bilik və bacarıqlara yiyələnməli, rəqəmsal vətəndaşlara çevrilməlidirlər”.
“Dövlət başçısı orta məktəblərdə rəqəmsal və süni intellekt biliklərinin icbari qaydada tədrisi ilə bağlı ciddi tapşırıqlar vermişdir ki, bu da ölkəmizin təhsil siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, – deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu yanaşma gələcək nəslin həm yeni texnologiyaların imkanları, həm də yaratdığı risklər və təhlükələr barədə sistemli biliklərə yiyələnməsini təmin etməyə yönəlmişdir.
Akademik Rasim Əliquliyev müasir dövrdə İnternetin sürətli inkişafı, qlobal miqyasda baş verən proseslər və İKT-nin geniş tətbiqinin təhlükəsizliyin təmin olunması missiyasına ciddi təsir göstərdiyini deyib:
“Artıq müharibələrin taleyində süni intellekt texnologiyaları, pilotsuz uçuş aparatları və ağıllı idarəetmə sistemləri mühüm rol oynayır, yeni nəsil silah və müdafiə vasitələri meydana çıxır. Peyk məlumatları, pilotsuz uçuş aparatları və rəqəmsal monitorinq sistemləri də bu istiqamətdə mühüm rol oynayır”.
Akademik Rasim Əliquliyev peşəkar sərhədçi kadrların yetişdirilməsində mühüm rol oynayan Xüsusi Məktəbin fəaliyyətini, burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Alim kursantlara müraciət edərək gələcəyin zabitləri, hərbi qulluqçuları kimi onların üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, şagirdləri yüksək bilik, texnoloji savad və vətənpərvərlik ruhu ilə Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsinə, sərhədlərin etibarlı qorunmasına və milli təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə çağırıb. Qeyd edib ki, sərhəd təhlükəsizliyi dövlətin ən vacib və kritik təhlükəsizlik funksiyalarından biri olduğuna görə, bu sahənin inkişafı üçün riyazi biliklərə, analitik düşüncəyə və alqoritmik təfəkkürə malik peşəkar kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Çıxışının sonunda akademik Rasim Əliquliyev Xüsusi Məktəblə sərhəd təhlükəsizliyində süni intellektin tətbiqinə dair əməkdaşlıq perspektivlərinə də toxunub, institutun bu məktəbin müəllim və şagirdlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib. Alim iki qurum arasında əlaqələrin genişləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanmasının, müntəzəm görüşlərin keçirilməsinin, şagirdlər üçün ustad dərslərinin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.
Tədbirdə Xüsusi Məktəbin rəisi, polkovnik Ruslan Həsənov çıxış edərək informasiya təhlükəsizliyinin artıq müasir dövrün əsas reallıqlarından birinə çevrildiyini, bu kimi tədbirlərin gənc kursantların inkişafında, onların peşəkar hərbçi kadrlar kimi yetişməsində mühüm rol oynadığını söyləyib. Onun sözlərinə görə, məktəbdə kursantların sərhədçi ruhunda tərbiyə olunmasına, vətənpərvərlik hissinin gücləndirilməsinə və gələcəkdə dövlətə sədaqətlə xidmət edən zabitlər kimi yetişdirilməsinə xüsusi əhəmiyyət verilir:
“Kursantların dünyagörüşlü şəxsiyyət kimi formalaşdırılması və DSX-nın xüsusi təyinatlı ali təhsil müəssisələri üçün hazırlanması əsas prioritetlərimizdəndir”.
Sonra tədbir müəllim və kursantlarla dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Alimlər qlobal trendlər – hesab olunan süni intellekt, IV Sənaye İnqilabı və rəqəmsal transformasiyalar kontekstində ölkəmizdə mövcud reallıqlar, yeni tendensiyalar, həyata keçirilən dövlət siyasəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Sonda İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Xüsusi Məktəbin kitabxanasına informatika sahəsinə aid bir sıra kitablar – ensiklopediyalar, terminoloji lüğətlər və dərs vəsaitləri hədiyyə olunub, xatirə fotosessiyaları çəkilib.//ict.az
