Evin tək övladının ŞƏHADƏT YOLU: Xidmətə yararsız əsgəri döyüşə kimlər və niyə aparıb? – VİDEObackend

Evin tək övladının ŞƏHADƏT YOLU: Xidmətə yararsız əsgəri döyüşə kimlər və niyə aparıb? - VİDEO

İkinci dəfə idi bu ailənin ziyarətinə gedirdim. İlk dəfə Vətən müharibəsində qələbənin ildönümü ərəfəsində qapılarını döymüşdüm. Evin tək övladı, 12 ildən sonra min nəzir-niyazla “tapılan” şəhid Abdulla haqqında eşidəndə, açığı, ata-anasının qarşısına necə çığacağımı, onlarla hansı ürəklə həmsöhbət olacağımı çox düşünmüşdüm. Beləcə ailəni ilk ziyarətimdə onlara şəhid övladları, indiki durumları, yaşayışları barədə heç bir sual verə bilməmişdim. Zəfər günündə şəhid Abdullanı sükutla yad edib, geri dönmüşdüm. Amma fikrim həmişə tək övladlarının acısı ilə alışıb-yanan ata-ananın yanında idi. Və nəhayət, özümdə güc tapıb yenidən ziyarətlərinə yollandım…

Bu dəfə KONKRET.az-ın çəkiliş komandası ilə… Ata-ananın yaşadıqları, yeganə övladlarını böyütdükləri və indi də hər künc-bucağında Abdullanın xatirəsini yaşatdıqları evə ayaq basanda bir istilik, doğmalıq hiss etdik ilk andan. Övlad itkisinə, ağrı-acısına rəğmən, ata-ananın bizə qarşı hədsiz səmimi və mehriban münasibəti söhbətimizə ən rahat körpü oldu…

– Əhməd müəllim, Vətən müharibəsində yeganə övladınızı qurban vermisiniz. Xatirələri ilə yaşamaq necə bir hissdir?

– Abdulla bizim yeganə övladımız idi. Sözsüz ki, onu böyük diqqət və qayğı ilə böyütmüşdük. Hamının – qonum-qonşuların, qohum-əqrəbanın sevimlisi idi. Çox ağıllı, müdrik, sözübütöv uşaq idi. Hərbi xidmətə də öz istəyi ilə getmişdi. Əslində ayağının altı düz olduğu üçün orduya yararsız sayılırdı. Lakin yaşı çatanda qətiyyətlə xidmətə gedəcəyini dedi. Beləcə mayın 5-də xidmətə yola saldıq. Vətən müharibəsi başlayanda onunla sonuncu dəfə sentyabrın 28-də əlaqə saxlaya bilmişik. Onda da bizə arxa cəbhədə olduğunu dedi. Lakin sonradan şəhid xəbərini aldıq…
Abdulla mənim üçün dörd insanı əvəz edən varlıq idi: o, mənim qardaşımdı, dostumdu, oğlumdu, gec dünyaya gəldiyi üçün həm də nəvəmdi… İndi siz təsəvvür edin ki, onu itirməklə mən həyatımda neçə insandan ayrılmışam?!

– Validə ana, oğlunuzdan uzun-uzadı bəhs etmək sözsüz ki, sizin üçün çox çətin olar. Bəzən hissləri bölüşməkdə sözlər də aciz olur. Amma insanı ovunduracaq bir təsəlli var mütləq. Övladınızla bağlı ən böyük təsəlliniz nədir?

– Tək övladım olduğu üçün Avdullanın üstündə çox əsirdim. Onu gözümdən qoymurdum. Altıncı sinfə qədər özüm məktəbə aparılb-gətirmişəm onu. Bir-birimizi çox sevirdik. Əsgər gedəndə dedim ki, “Ayağın yastıpəncədir, Abdulla. Bəlkə xidmətə getməyəsən?”. Dedi: “Yox, ana. Nə olsun ki, tək uşağam? Sonra tay-tuşlarımın gözünə baxa bilmərəm”. Müharibə başlayanda bir dəfə zəngləşdik. Onda da məni aldatdı ki, “arxa cəbhədəyəm”. Onun ön cəbhədə şəhid olacağı heç ağlıma da gəlməzdi. Çünki ayağındakı qüsuru ilə bağlı müharibə şəraitində yalnız arxa cəbhədə məhdud yararlı hesab olunurdu. Amma təəssüf ki, bəzi nadanların ucbatından oğlum ön cəbhədə düşmən gülləsinə tuş gəldi.

Onunla bağlı ən böyük təsəllim odur ki, övladım qorxmaz idi. Qorxaq olsaydı, sentyabrın 28-də ön cəbhədə vuruşduğunu məndən gizlətməzdi. Abdullayla fəxr edirəm və hər gün oğluma daha tez qovuşmağı arzulayıram.

Şəhid Abdulla Əhmədovun ailəsi ilə geniş müsahibəni videoda izləyə bilərsiniz:

Sevinc Paşayeva,
Müşviq Tofiqoğlu,
Yusif Əliyev
KONKRET TV

P.S. Qeyd edək ki, bu video şəhid Abdulla Əhmədovdan, onun döyüş yolundan, yararsız olduğu halda hərbi xidmətə aparılmasından və valideynlərinin ağrı-acısından bəhs etdiyi üçün videoda adı çəkilən şəxslərin mövqeyini ehtiyac yaranarsa, ayrıca dərc etməyi məqsədəuyğun sayırıq. Videoda şəhidin atası Əhməd Əhmədov tərəfindən adı hallanan bütün şəxslərin mövqeyini dərc etməyə və işıqlandırmağa hazırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*