“Əl-Cəzirə”: Azərbaycan Fransanın cığallığı fonunda öz suverenliyini bərpa edirbackend

"Əl-Cəzirə": Azərbaycan Fransanın cığallığı fonunda öz suverenliyini bərpa edir

Azərbaycan hərbi yük maşınlarının korteji dekabrın 1-nə keçən gecə Laçın bölgəsinə girib. Bununla da 10 noyabrda bağlanan anlaşmaya əsasən, Azərbaycan bölgədəki altı həftəlik hərbi əməliyyatlara son qoyaraq Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı üç bölgənin sonuncusu üzərində də nəzarətini bərpa etdi. Əsgərlər Azərbaycan bayrağını Laçın inzibati binasının üzərində qaldırdılar.

Noyabr müqaviləsi çərçivəsində Ermənistan üç bölgəni – Ağdam, Laçın və Kəlbəcəri Azərbaycana təhvil vermək məcburiyyətində qaldı. Razılaşmanın şərtlərinə görə, 1960 hərbçidən ibarət Rusiya sülhməramlı kontingenti təmas xətti və 5 km enində Laçın dəhlizi boyunca Xankəndini Ermənistanla birləşdirən ərazidə yerləşdirildi. Rus hərbçiləri Azərbaycan yük maşınlarının Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyini təmin etdilər. Laçın bölgəsində yaşayan işğalçı ermənilərin əksəriyyəti azərbaycanlıların gəlişindən əvvəl buraları tərk etməyi üstün tutdu.

Azərbaycan Prezidenti İlham Əliyev ölkə vətəndaşlarını yeni bir reallığın meydana çıxması münasibətilə təbrik etdi: “Düşməni torpaqlarımızdan qovduq. Ərazi bütövlüyümüzü bərpa etdik. İşğala son qoyduq”.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müharibə nəticəsində Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxmışdı. Torpaqları işğal edən və özünü “DQR” elan edən qurumu heç bir ölkə, hətta Ermənistanın özü belə tanımadı.

10 noyabrda imzalanan sülh sazişi altı həftəlik döyüşlərdən sonra əldə edildi və bu müddət ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı məğlubiyyət verdi və Xankəndinə yaxınlaşdı. Müqavilənin şərtlərinə görə, Ermənistan 1990-cı illərdə işğal etdiyi Qarabağla bitişik yeddi bölgəyə və əsas Şuşa şəhərinə nəzarəti itirir.

İlham Əliyev 1990-cı illərdəki müharibədən əvvəl Laçın bölgəsində təxminən 50.000 azərbaycanlının yaşadığını və qısa müddətdə onların geri dönə biləcəklərini söylədi.

“Moskvanın vasitəçiliyi ilə imzalanan müqavilədə ərazilərin köçürülməsi ilə bağlı çox dəqiq təlimatlar verilir. Lakin bir sıra məqamlar, məsələn, Rusiya sülhməramlılarının mandatı və həm yerli, həm də azərbaycanlıların yerli əhalisinin həyatının necə təşkil ediləcəyi kimi məsələlər qaranlıq qalır”, – deyə Olesya Vartanyan bildirib.

Anlaşmaya əsasən, Rusiya və Türkiyə atəşkəsi vahid mərkəzdən izləmək üçün bir Monitorinq Mərkəzi yaratmaq qərarına gəliblər. Monitorinq mərkəzi bir il üçün nəzərdə tutulub. Mərkəzdə rus və türk heyətinin sayı bərabər olacaq. Birgə mərkəzin yaradılması üçün artıq texniki detallar razılaşdırılıb.

Rusiya sülhməramlı qüvvələrini yerləşdirməklə yanaşı, qaçqınların Qarabağa qayıtmasına kömək edir. Çərşənbə axşamı, Rusiya Müdafiə Nazirliyi bu günə qədər 26 mindən çox insanın evlərinə döndüklərini söylədi. Nazirlik, əlavə olaraq rusiyalı sülhməramlıların Laçın dəhlizinin bir hissəsini təmizlədiyini və döyüş əməliyyatları zamanı dağılmış yüksək gərginlikli elektrik xəttini bərpa etmək üçün təmir qruplarının əraziyə gəldiyini də əlavə edib.

Moskvanın sülhməramlı rolu ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olan Fransa və ABŞ-ı kölgədə qoydu. Minsk Qrupu Qarabağ münaqişəsinin həll yollarını tapmaq üçün on illərdir danışıqlar aparıb, lakin heç bir uğur əldə edə bilməyib.

Lakin Fransa sülh anlaşmasından kənarda qalmasından, xüsusilə də Türkiyənin Qafqaza yerləşməsinindən çox narahatdır. Bu günlərdə Fransa Senatının Dağlıq Qarabağın müstəqilliyini tanımaq haqqında qərar qəbul etməsi də bunun bir göstəricisidir. Bu və digər səbəblərə görə ötən həftə Azərbaycanlı millət vəkilləri Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını tələb ediblər.

“Əl-Cəzirə” televiziyası, 3 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*