Müasir texnologiyaların inkişafı dünyasını dəyişmiş insanların səsini, görüntüsünü və danışıq tərzini süni intellekt vasitəsilə yenidən canlandırmağa imkan verir. Artıq insanlar vəfat etmiş yaxınlarının rəqəmsal obrazını yaradaraq onlarla virtual ünsiyyət qura, keçmiş xatirələrini yenidən yaşaya bilirlər. Bəs bu cür texnologiyalardan istifadə İslam dinində necə qiymətləndirilir? Dünyasını dəyişmiş şəxsin süni intellekt vasitəsilə danışdırılması dini baxımdan günah hesab olunurmu?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, vəfat etmiş şəxslərin səs və görüntülərinin süni intellekt vasitəsilə canlandırılması müasir dövrün yeni məsələlərindən biridir.

Onun sözlərinə görə, bu cür texnologiyalardan istifadə özlüyündə haram və ya günah hesab olunmur:
“Şəkillərin canlandırılması, dünyasını dəyişmiş şəxsin gülüşünün, mimikalarının və sifət cizgilərinin video şəklində təqdim edilməsi keçmiş xatirələri yada sala bilər. Eyni zamanda, həmin şəxsin səsindən istifadə etməklə onunla virtual söhbət aparmaq, sağlığında etdiyi danışıq və söhbətləri xatırlamaq mümkündür. Müasir fəqihlər bu cür fəaliyyəti özlüyündə qadağan hesab etmirlər.
Ümumiyyətlə, İslamda insan mənəviyyatına, milli-mənəvi dəyərlərə zərər vuran, fəsada və günaha səbəb olan əməllər qadağan edilir. Əgər hər hansı fəaliyyət zərərli deyilsə, günaha yol açmırsa, israfa, vaxt itkisinin artmasına və insanların hisslərinin təhqir olunmasına səbəb olmursa, onun haram hesab edilməsi üçün əsas yoxdur”.
İlahiyyatçı qeyd edib ki, vəfat etmiş insanların rəqəmsal obrazlarının yaradılması bəzi hallarda yaxınları üçün mənəvi təsəlli vasitəsinə də çevrilə bilər.
“Misal üçün, çox gənc yaşda dünyasını dəyişmiş bir insanın bacısı və ya qardaşı süni intellekt vasitəsilə onun səsini eşidərək, görüntüsü ilə ünsiyyət qurduqda müəyyən qədər təsəlli tapır. Bu baxımdan, həmin fəaliyyət bəzi insanlar üçün xeyirli və təsəlliverici nəticə də verir.
Əsas məsələ bu texnologiyadan hansı məqsədlə və necə istifadə olunmasıdır. Əgər burada fəsad, günah, təhqir, mənəvi zərər və ya böyük israf yoxdursa, bu fəaliyyəti haram, günah və yaxud məkruh adlandırmaq üçün əsas görmürəm”, – deyə Fazil Əhməd vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
