Gürcüstanda sabitlik Qərbin planlarını alt-üst edəcək – Tbilisi ilə bağlı hansı ssenari işə düşə bilər?backend

Gürcüstanda sabitlik Qərbin planlarını alt-üst edəcək - Tbilisi ilə bağlı hansı ssenari işə düşə bilər?

Gürcüstanda keçirilmiş parlament seçkiləri əsasında müzakirə və mübahisələr kəskinləşməkdədir. Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyasının 54,08 faizlik qələbəsindən sonra rəsmi Tbilisi bir sıra ölkələrdən təbrik mesajları almağa başlayıb. Lakin nəticələri tanımayan dövlətlər də var.

Belə ki, Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri birgə bəyanatla çıxış edərək, Gürcüstandakı seçkiləri tanımadıqlarını açıqlayıblar. Onların ortaq qənaətinə görə, Gürcüstandakı seçkilər xalqın iradəsini əks etdirmir və kütləvi pozuntularla müşayiət olunub.

Maraqlıdır, hadisələr bundan sonra hansı xətt üzrə inkişaf edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu qeyd edib ki, hakim partiyanın yenidən qələbə qazanacağı gözlənilən idi:

“Gözlənildiyi kimi, Gürcüstandakı seçkilər hakim partiyanın qələbəsi ilə başa çatdı. Qərb bundan sonra çalışacaq ki, sözügedən ölkədə etiraz dalğası formalaşdırsın. Bir neçə ölkənin seçki nəticələrini tanımaması məhz buna xidmət edir. Özləri üçün dırnaqarası əsas yaradırlar ki, hökumətə təzyiq göstərsinlər. Nəticədə, xaos yaratmaqla hakimiyyəti devirsinlər. Gürcüstan Prezidentinin açıqlamaları da buna xidmət edir. O, Qərbin təlimatlarını yerinə yetirir. Lakin bütün bunların nəticəsi olmayacaq. Gürcü hökuməti yetərincə güclüdür. Eyni zamanda, seçkilərin də nəticələri bəllidir. Hökumətə qarşı atılan addımlar effekt verməyəcək. Qərbin planı uğursuz olacaq”.

Politoloq vurğulayıb ki, bundan sonra da Gürcüstan – Azərbaycan əlaqələri inkişaf edəcək:

“Gürcüstanda sabitliyin olması, Azərbaycan və bölgənin maraqlarına uyğundur. Adıçəkilən ölkədəki qarşıdurmalar, həmçinin Qərbin bölgəyə daxil olması, region üçün təhdid yaradır. Dediyim kimi, Gürcüstan hökuməti güclüdür, müstəqil siyasət yürüdür və düşünürəm ki, prinsipial mövqeylərindən əl çəkməyəcəklər. Bundan sonrakı dönəmdə də rəsmi Tblisinin bölgə ilə bağlı uğurlu siyasət aparacağına şahid olacağıq”.

Məlik Məlikov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*