Bəzi məktəblərdə hicabla bağlı tələblərin irəli sürülməsi ətrafında baş verənlər artıq adi valideyn narazılığı çərçivəsində müzakirə edilə bilməz. Hər şey ortadadır. Proses zamanı müşahidə olunan əvvəlcədən hazırlanmış plakatlar, iştirakçıların davranışları və hadisələrin sosial şəbəkələrdə yayılma forması başqa ölkənin və ya şəbəkələrin müdaxiləsini ortaya qoyur.
Gözümüzü açaq və yaxşı-yaxşı nəzər salaq: Burada valideynlərin etirazından söhbət getmir. Bu narazılıq daha çox ideoloji kampaniyanın tərkib hissəsidir.
Məktəbə hicabla bağlı tələb irəli sürmək üçün gələn valideynlər nə tez plakatlar hazırladı?! Belə materialların hazırlanması, eyni məzmunlu çağırışların səsləndirilməsi və hadisələrin müəyyən formada təqdim olunması nə tez baş verdi. Cavab bəllidir. Etirazlar təşkilatlanıb. Çünki əvvəlcədən hazırlanmış plakatlar etirazın yalnız yerində yaranan spontan narazılıqdan ibarət olmadığını göstərir.
İştirakçılar arasında qadınların üstünlük təşkil etməsi də müşahidə olunan məqamlardandır. Hicab məsələsində birbaşa aqressiv qadınların iştirakı da diqqətdən qaçmamalıdır. Deməli, məsələ yalnız iştirakçıların kimliyində deyil, aksiyanın hansı formada keçirilməsində, tələblərin necə ifadə olunmasında və prosesin hansı informasiya kanalları vasitəsilə ictimailəşdirilməsindədir.
Bəli, aqressiv davranışlar və qarşıdurma yaradan ritorika ilə müzakirələrin mahiyyəti qəbuledilməzdir. Odur ki, güclü dövlətimiz uşaqların təhsil aldığı, müəllimlərin fəaliyyət göstərdiyi və təhlükəsizliyin qorunmalı olduğu məkan olan məktəbi ciddi şəkildə qorumalıdır. Hər hansı tələb irəli sürülərkən təhsil prosesinə mane olmaq, məktəb əməkdaşlarına təzyiq göstərmək və qarşıdurmanı dərinləşdirmək yolverilməzdir. Dini inanclara hörmətlə yanaşmaq nə qədər vacibdirsə, təhsil müəssisələrinin müəyyən olunmuş qaydalarına və qanunçuluğa hörmət də bir o qədər əhəmiyyətlidir.
Məsələnin digər mühüm tərəfi hadisələrin sosial şəbəkələrdə işıqlandırılmasıdır. Məktəblərdə baş verənlərin videolarının İranla əlaqəli sosial şəbəkə hesablarında yayılması informasiya axınının ayrıca araşdırılmasını tələb edir. Videoların hansı hesablar tərəfindən, hansı ardıcıllıqla və hansı mətnlərlə paylaşıldığı, eyni çağırışların müxtəlif platformalarda təkrarlanıb-təkrarlanmadığı mühüm suallardır.
Əgər hadisələrin görüntüləri İranla əlaqəli hesablarda sistemli şəkildə yayılırsa, bu, həmin platformaların mövzuya müdaxiləsini və onun informasiya gündəmində qabardıldığını göstərir. Paylaşımların əksəriyyəti və belə aksiyalar birbaşa İrandan idarə olunur. İdarəetmə və koordinasiya onu göstərir ki, təşkilatçılarla xarici hesablar arasında əlaqələr, göstəriş və ya maliyyələşmə izləri var . Dövlətin müvafiq qurumları bu faktları ortaya qoyan sübutları ictimailəşdirəcək.
Xarici informasiya mühitinin ölkə daxilindəki həssas məsələlərdən siyasi məqsədlə istifadə etməsi hər bir Azərbaycan vətəndaşını qıcıqlandırır. Çünki dini mövzular cəmiyyətdə emosional reaksiya doğura bilir. Belə mövzuların məqsədli şəkildə qabardılması ictimai müzakirəni hüquqi və pedaqoji çərçivədən çıxarıb ideoloji qarşıdurmaya çevirə bilər. Buna görə də hadisələrin yalnız görünən tərəfi deyil, informasiya kampaniyasının mümkün təşkilati mexanizmləri də araşdırılmalıdır.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: məsələ hicab taxan qadınlara və ya dini inanclı valideynlərə qarşı münasibət məsələsi deyil. Söhbət məktəblərin hansısa ideoloji mübarizənin meydanına çevrilməməsindən, təhsil mühitinin qorunmasından və ictimai narazılığın kimlər tərəfindən, hansı məqsədlə yönləndirildiyinin aydınlaşdırılmasından gedir.
Azərbaycan dünyəvi dövlət modelinə malikdir. Bu prinsip dini inancların inkarı demək deyil; dövlət və təhsil sisteminin fəaliyyətinin qanunlarla tənzimlənməsi deməkdir. Buna görə də məktəbli geyimi ilə bağlı mübahisələr emosional təzyiq və qarşıdurma yolu ilə deyil, qanunvericilik və hüquqi prosedurlar çərçivəsində həll edilməlidir.
İndi cavablandırılmalı olan sualların cavabları konkretdir: Plakatlar İran tərəfindən hazırlanıb?l. Etirazların təşkilati koordinasiyası Azərbaycandakı hücrələr tərəfindən təşkil olunub. Məktəblərdəki hadisələrin videoları fars baş hesablar vasitəsilə və xüsusi məqsədlə yayılıb. İranla əlaqəli səhifələrin bu prosesdəki rolu yalnız məlumat yaymaqdan ibarət deyil, bu məsələdə daha geniş əlaqələr mövcuddur.
Bu sualların cavabı fərziyyələrlə deyil, faktların müqayisəsi və əlaqələrin yoxlanılması ilə müəyyənləşdirilib. Odur ki, təşkilatlanmış xarici müdaxilənin izləri, onların üzə çıxarılması və ictimaiyyətə əsaslandırılmış məlumat verilməsi vacibdir.
Məktəblər dini və siyasi qarşıdurmaların deyil, təhsilin məkanı olmalıdır. Valideynlərin hüquqları qorunmalı, müəllimlərə təzyiqə yol verilməməli, cəmiyyət isə emosional çağırışlarla deyil, yoxlanılmış faktlarla məlumatlandırılmalıdır. Hicab ətrafında yaranmış müzakirənin əsas meyarı da məhz bu olmalıdır.
KONKRET.az-ın Araşdırma Qrupu

