Azərbaycanda vətəndaşlara miras qalan əmlak və ya vəsaitin vergiyə cəlb olunması məsələsi tez-tez müzakirə mövzusu olur. Bir çox şəxslər hesab edir ki, əldə etdikləri hər bir miras üçün vergi ödəməlidirlər.
Bəs qanunvericilik bu barədə nə deyir, mirasdan hansı hallarda vergi tutulur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, mirasın 20 min manata qədər olan hissəsi gəlir vergisindən azaddır.

Onun sözlərinə görə, qanunvericilikdə ailə üzvləri arasında ötürülən miraslarla bağlı daha geniş güzəşt nəzərdə tutulub:
“Əgər miras fiziki şəxsə onun ailə üzvlərindən qalıbsa, həmin miras tam şəkildə vergidən azaddır. Bu halda mirasın məbləğindən və ya dəyərindən asılı olmayaraq gəlir vergisi tutulmur. Ailə üzvləri xaricində əldə olunan miraslara isə qanunvericilikdə nəzərdə tutulan güzəştlər şamil edilir”.
Hüquqşünas qeyd edib ki, vətəndaşlar miras məsələləri ilə bağlı hər hansı əməliyyat həyata keçirməzdən əvvəl qanunvericiliyin tələbləri ilə tanış olmalı, zərurət yarandıqda isə mütəxəssislərə müraciət etməlidirlər.
Beləliklə, Azərbaycanda ailə üzvlərindən qalan miras tam şəkildə vergidən azad edilir, digər hallarda isə Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər tətbiq olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az
