backend

"Harada milli münaqişə varsa, orada Rusiyanın barmaq və ayaq izləri axtarılmalıdır" - Eldar Sabiroğlu

“Harada milli münaqişə varsa, orada Rusiyanın barmaq və ayaq izləri axtarılmalıdır”

KONKRET.az bildirir ki, bu fikirləri sabiq millət vəkili, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib. Onun fikirlərini olduğu kimi təqdim edirik:

“Bu, mənim gəldiyim xəyali nəticə yox, tarixi faktların təsdiq etdiyi reallıqdır. Ölkələr və xalqlarla normal əməkdaşlıq qurmaq prinsip etibarı ilə anadangəlmə Rusiya üçün yad bir anlayış kimi təsəvvür edilib. Zorakılıq, fitnəlik, mənəm-mənəmlik siyasəti, sanki bu dövlətin boynuna biçilib. Dövlətin gücünü təyin edən bir neçə faktor vardır ki, onların içərisində ön sırada ağıl və zəka durur. Qorxu və həyacan altında xalqı uzun müddətə saxlamağın qisası sonucda daha ağır olur. Putin siyasi rəftarını kökündən dəyişməlidir. Əks halda belə üslub və metodla işləməsi çətin olacaqdır. Məşhur iqtisadi və hüquq ekspertlərinin Rusiynın daxili vəziyyətində yaxın gələcəkdə sosial partlayışlarının baş qaldıracağı barədə proqnozları indidən özünü biruzə verir. Daxili və xarici etirazların birliyi nəticəsində hansı acı faciələrin olacağını təsəvvür etmək çətin deyil. Hələliksə onun cəfəng iddialardan əl çəkmək fikri yoxdur. Dövləti idarəetmə prinsipləri Yer üzündə bəlkə də yeganə dövlət və millətdir ki, özündən başqa nə bir dövlətə, nə də bir xalqa bəsəri rəftara uyğun səmimi münasibətlə yanaşmır. Ya da haçansa münaqişə ocaqlarından birində qarşıdurmanı heç bir mənfəət güdmədən ədalətli sülh şəraitində həll etsin, tərəf tutmasın. Görmüsünüzmü?! Eşitmisinizmi?! Mən xatırlamıram! Mümkündür ki, mülahizələrimlə razılaşmayıb, məni ifrata varmaqda günahlandıranlar olsun. Lakin konkret nümunə ortaya qoyulmalıdır. Mən də vaxtı ilə qonşuluğumda yaşayan və xətirlərinə zərrəcə dəymədiyim iki rus ailəsinin ikrah dolu baxışlarına, nifrətlərinə dolu münasibətinə əhəmiyyət verməyib, harada yaşadıqlarını müəyyən edərək heç bir günahın yiyəsi olmasam da, onlardan üzr istəməyə hazıram. Kremlə əlim-səsim çatmasa da, bunu edə bilərəm. Ancaq Azərbaycanın çörəyini yeyib də onu saya salmamaq vicdani bir iş deyil. Heç bir rütbəsi, dövlət məmurluğu olmayan Azərbaycan vətəndaşının- rus “qardaşımızın” qəzəb və kin-küdurət hissləri ilə yükləndiyini yadımdan bu gün də çıxara bilmirəm. Bu Rus qonşularımın timsalında qatı millətçilik ruhuna köklənmiş hazırkı rus nəslini dəyişdirmək, sadəcə, mümkün deyil. Onlar millətlərarası savaşlara, regional münaqişələrə həmişə göydəndüşmə hədiyyə kimi baxıblar. Baxmaqda da davam edirlər. Vətən Savaşındakı mühüm zəfərdən sonra Azərbaycana münasibətdə bu şovinist münasibəti daha yaxından və daha aydın şəkildə hiss edirik.

Rusiya hökumətinin üzə bir, astara iki siyasətinə dair istənilən qədər fakt gətirmək mümkündür. Məsələn, elə götürək Naxçıvana dəmiryolu xəttinin açılması ilə əlaqədar Rusiyanın oynadığı gizli və ya açıq rollara-oyunlara. Bizim istədiyimiz nədir?! SSRİ dövründə Azərbaycana aid olan ərazinin Ermənistan işğalından azad etməkdir. Qarşılığında isə Rusiya görün vəziyyəti necə mürəkkəbləşdirdi, davam da etməkdədir! Ermənistanı silahlı toqquşmalara qədər şirnikləşdirdi. Nəticə etibarı ilə ötən ilin sentyabr ayının 27-də başlayan müharibənin mürəkkəbi qurumamış Rusiya dövləti tərəfindən yenisinin başladılmasına zəmin hazırlamaqla məşğuldur.

Son erməni təxribatına impuls verən də məhz sülhməramlı adı ilə torpaqlarımıza soxuşdulmuş Rusiya hərbi qüvvələridir. Onun regionda hazırkı erməni separatizmini gücləndirməkdə əsas və başlıca məqsədi də öz siyasi maraqlarının təminatı baxımından Azərbaycandan nəyisə qoparmaqdır. Görsənir ki, keçən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bayanatda sülhməramlı qüvvə kimi razılığa gəlinmiş 5 il müddət Rusiyanı qane etmir. Üstəlik, son günlər Rusiyanın erməni faşizminin yanında sıx dayanma halı bu cür davam edərsə, yaxın zamanlarda “sülhməramlılarımızın” Qarabağ ermənilərinə rus pasportlarının paylanmasına şübhə yeri qalmır. Yayılmış xəbərlərə inanarıqsa, bu istiqamətdə ciddi hazırlıq işlərinin aparıldığı reallığa yaxın kimi diqqəti çəkməkdədir. Bu təcrübə Rusiya dövləti tərəfindən işğal etdyi Krımda, Abxaziya və Osetiyada sınaqdan keçirilmişdir. Putinin dişi deyəsən, təkrar şirəyə gəlir.

Azərbaycana əlavə problem kimi Gürcüstanda svan-azərbaycanlı qarşıdurmasının köhnə mərkəzdə hazırlanan xain planın olmadığına böyük şübhəm var. Rusiyadan hər şey gözləmək mümkündür. Hətta bir güllə ilə iki dovşan vurmaq ustalığına görə də dünyanın böyük dövlətlərini geridə qoyur. Ümumiyyətlə, hegomonçu xarici siyasət konsepsiyası Rusiya üçün bu gün ən ağır problem səviyyəsinə qədər dikəlib və ya dış siyasətdə prioritetdir, xilas olmaq imkanı da sıfıra bərabərdir. İnsanların qanını zəhərləyiblər. Yuxarıdan aşağıyadək idarəetmə sistemini iflic vəziyyətinə salan bu siyasi xəstəlik Putinin Kremlidəki kabinetindən tutmuş Maqadana qədər uzanıb gedir. Rusiya çarı 1-ci Pyotrdan qalma bu kəskin imperiyaçılıq xəstəliyi rus cəmiyyətinin iliyinə qədər işləyib. Nadir hallarda ədalət prinsipini özü üçün siyasi kredo seçmiş bir Rusiya dövlət məmuruna rast gələrkən qeyri-ixtiyari sevinirik. Tərəddüd etmədən deyə bilərəm ki, bütün bunların kökündə böyük rus şovinizmi deyilən ifrat millətçi ideologiya durur. Prezident Putinin sərt millətçi siyasi xətti də qaynağını buradan götürür. Onun son illər Rusiyanın üzərini örtən bozarmış pərdələri bir kənara tullayaraq bəşəri dəyərlərdən açıq şəkildə imtina etməsinə gedən yolun yenidən SSRİ-ni bərpa məqsədilə şovinist prinsiplərə üstünlük verməsində axtarmaq lazım gəlir. Zamanın heç bir dönəmində ölməyən və bu gün daha yüksək siyasi qata ucaldılan rus şovinizminin get-gedə idarəetmənin dərinliklərinə nüfuz etməsi təsəvvür etmədiyimiz amansız, qəddar bir mühiti yaratdığı bir gerçəkdir. Xəstəliyin çox təhlükəli simptomlarına yorulmadan təzə nəfəs və yeni can gətirən prezident Putinin uzunmüddətli hakimiyyəti dövründə rus cəmiyyəti şovunist əhval-ruhiyyə ilə daha çox yükləndi. Məsələn, gecənin birində xəbər yayılır ki, filan bölgədə etnik münaqişə başlayıb. Vaxt itirmədən bölgəyə rəsmi nümayəndələrini göndərən Rusiya səsləndirdiyi bəyanatlarla qarşıdurmanı daha da qızışdıraraq həmin ölkəni özündən asılı vəziyyətə salmaq bir yana, regionda onun siyasətinə boyun əyməyən digər dövlətlər üzərində də təsir imkanlarını əldə etməkdən ötrü dəridən-qabıqdan çıxır. Bu siyasi gedişlər Rusiya üçün indinin siyasəti deyil. Məkrli plan tarixin ləkəli səhifələrinə öz qara imzasını atan Birinci Pyotrdan üzü bəri gəlir. Rusiya çarlarına xas olan basqıçı, istilaçı, imperialist xüsusiyyətlərdən fərqlənməyən, dini baxışları siyasətin fövqünə yüksəldən prezident Vladimir Putinin qeyri-səmimi siyasətinə bu gün dünya, eləcə də Azərbaycan çox gözəl bələddir. Harada milli münaqişə var, orada Rusiyanın barmaq və ayaq izləri görünür. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəsinə dəxli olmayan ərazilərdə baş verən ən kiçik toqquşmalara dərhal müdaxilə etməkdə tayı-bərabəri olmayan dövlət lideri kimi bəli, əvəzi yoxdur. Başlıca istəyi məhz vəziyyəti gərginləşdirmək yolu ilə imperialist siyasətinin mənfəəti üçün nələrisə götürməkdir. Ona görə də Putin hökumətinin xarekterik cəhətlərindən biri də budur ki, münaqişə tərəflərini nəinki dayanıqlı sakitliyə çağırır, əslində öz dövləti maraqlarını təmin etməkdən ötrü etnik və milli qarşıdurmaların üzərinə benzin tökür. Konkret fakt qismində Azərbaycan göz qabağındadır.

Məlum bəyanatın mürəkkəbi qurumamış Rusiya hökuməti erməni separatizminin yenidən canlanmasına məkrli töhfələrini öncə qeyd etdiyim kimi, cüzi də olsa əsirgəmək fikrində deyil. Sülhməramlı adı altında hərbi qüvvələrini Qarabağda yerləşdirən Rusiya fəal surətdə DQ vahid ərazi formatını bərpa etmək üçün bütün işğalçı niyyət və məqsədlərini durmadan işə salır. Nədir ki, Azərbaycan SSRİ dövründən ona məxsus olan ərazilərdən işğalçı Ermənistanın geri çəkilməsini tələb edir. Ölkə rəhbəri İlham Əliyevin tarixi ədalətin bərpası çağrışına Putin hökumətinin hiyləgər münasibəti göstərir ki, artıq mübarizə tərəfi kimi meydanda Ermənistan yox, Rusiyadır. Ölkə rəhbərimizin Naxçıvanda səsləndirdiyi sətiraltı açıqlamalarla Rusiyanın imperiaist niyyətlərini ifşa edəcək dəlillər tapmaq mümkündür. Prezident Əliyevin Ermənistan sərhədlərinə doğru Ordumuzun müasir hərbi texnika ilə hərəkət əmrindən, türk dronlarının düşmənin hava məkanında uçuşu Ermənistandan daha çox havadarı Rusiyanı qıcıqlandırır. Sovetlərin vaxtında ölkəmizin ərazi bölgüsünə daxil olan Qaragölə nəzarət problemi öz ədalətli həllini tapandan sonra belə Putin çirkli siyasətinə nə qədər sürət versə də, arzuladığı nəticəni əldə edə bilmədi. Beləliklə, Azərbaycan üçüncü müharibənin önünə sipər çəkərək öz tarixi haqqına nail oldu. Ancaq nə qədər ki, Rusiya qızışdırıcı mövqeyindən əl çəkmək niyyətinə gəlməyib, növbəti daha böyük və ağır müharibənin baş verməsi diqqətdən kənarda saxlanıla bilməz. Bunu sübut etməyə dərin ağıl lazım deyil. Havadar günbəgün bu alovun səmtini Azərbaycana tərəf yönəldir. Dünya dəyişmək istəyir, yaxşıya, gözəlliyə, qansız və qadasız bəşəriyyətə doğru can atır. Lakin aramsız silah səsləri, göydən tökülən bombalar, saysız-hesabsız ölümlər insanlığı qorxu və həyacan içərisində saxlayır. İnsanlıq bir sualın cavabını tapmağa acizdir:”Yer üzünü qana bürüyən atəş səsləri haçansa kəsiləcəkmi!?” Görsənir ümidlər artıq can üstündədir. Həqiqət və ədalətə inam yox olur. Bəs haraladan gəlir bu bomba səsləri?! Harada müsəlman yaşayır, o torpaqlardan gəlir. Nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropanın içi qaynamır, tanklardan açılan atəş dünyanın hələ nə olduğunu bilməyən, dərk etməyən minlərlə müsəlman körpəsini qət edir. Gəncəmizdə gecə uykusunda olan cocuqlarımızın başına Rusiya silahı ilə alov yağdıran erməni faşistlərinin alçaq və şərəfsiz əməllərini heç bir kitab-dəftər götürməz! Müharibələr xristian ölkələrinin içərisində getmir.

Lakin silahlı münaqişələrin həmin dövlətlərin daxilindən idarə olunduğu sirr deyil. Ermənistanla Azərbaycan arasında müharibədən sonra Rusiyanın üzdə bir, gizlində isə başqa cür davranış sərgiləməsi dediklərimizə əsaslı stimul verir. Bəs görəsən, saysız-hesabsız azərbaycanlının qətlinə əmr vermiş, Xocalıda onlarla günahsız adamın başını şəxsən kəsmiş Rusiya dövlətinin yaxın dostu olan Robert Koçaryanın təkrar erməni faşist hakimiyyətinə rəhbər seçilməsində marağı nədir ki, bizə məlum və naməlum səbəblər üzərində bu dərəcədə baş sındırır?! Rusiyanın xarici siyasətində gizli qərarlardan biri də Putinin Türkiyəni, onun ordusunun gücünü və qüdrətini həzm edə bilməməsinə bağlıdır. Bugünkü Rusiyanın siyasəti mahiyyət etibarı ilə heç də imperator Birinci Pyotrun məşhur vəsiyyətnaməsində irəli sürülən iqtisadi-siyasi maraqlarla ziddiyyət təşkil etmir. 21-ci əsrin Rusiyası əsrlər əvvəl rus imperatoru olmuş Birinci Pyotrun vəsiyyətləri ilə idarə olunur. Vəsiyyətnamənin əsas bəndlərindən birində söhbət islam dini arasında təfriqə yaratmaqdan gedir. İmperatar buna nail olmaq üçün sünni-şiə məzhəbləri arasında qarşıdurma əmələ gətirməyin ən kəsərli vasitə olduğunu xüsusi qeyd edir və bunun, hətta hərbi silah-sursat qədər alternativi olmadığını əminliklə bildirir. Osmanlı Türkiyəsi ilə İran arasında barışmaz və düşmən münasibətlərin yaradılmasının ən real arqument kimi də sünni-şiə məzhəblərinin toqquşdurulması vəsiyyət edilir. Çox təəssüf ki, imperatorun bu cür məkr dolu vəsiyyətinin təsiri altına düşən bəzi ölkələr bu günün özündə belə məzhəblərarası hiylənin ovqatından xilas olmaq üçün birgə güc tapmaqda acizlik göstərirlər. Vəsiyyətnamənin bəndləri içərisində ermənilərin xüsusi diqqətə alınması da gözdən yayınmır. Rus imperializminin qurucusu və banisi olan Birinci Pyotr ermənilərin Bakıya və Dərbəndə köçürülməsinə nail olduqdan sonra səhv etmirəmsə, 1721 -ci ildə Azərbaycana hərbi yürüş edərək Bakını və Dərbəndi tutur. İmperatorun məqsədi Xəzər hövzəsində neftə və milyonlar gətirən digər səltənətlərə ermənilərin və rusların sahibləndiyini təmin etməkdən ibarət olub.

Babasından sonra rus imperatriçası İkinci Yekatirina erməni himayədarlığı barədə ilk fərmana imza atır. Putinin məşhur rus çarlarının layiqli davamçısı kimi qatı antimüsəlman dövlət başçısı olduğu bütün çalarlarıyla gözlərimiz önündə canlanır. Azərbaycana münasibətdə də eynən belədir. Dünya müsəlmanları bu gün özləri ilə dartışmağa daha artıq dərəcədə meyllidirlər. Onları düşmən vəziyyətinə çatdırmaq planının xüsusi xristian mərkəzlərində hazırlandığını sübut etməyə, sadəcə, ehtiyac yoxdur. Uzun danışdıq deyəsən? Yazımı Nobel mükafatçısı misirli yazarın müdrik sözü ilə yekunlaşdırmaq istərdim. Adını unutduğum yazıçıya sual edirlər ki, sizə görə dünyanın möcüzəsi nədir!? Nobel mükafatçısının heyrətamiz cavabına baxın: “Mən iki müsəlmanın sözünün bir-birini tutmasını dünyanın ən böyük möcüzəsi hesab edərdim.”/moderator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*