Azərbaycanda müddətli əmək müqavilələrinin taleyi tez-tez mübahisə doğuran məsələlərdəndir. Müddət bitdikdən sonra işçinin müqaviləni davam etdirmək istəyi ilə işəgötürənin mövqeyi üst-üstə düşmədikdə isə hüquqi suallar yaranır: qanun bu halda kimi haqlı sayır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsi onun vaxtı başa çatdıqda xitam edilir.

Lakin burada mühüm istisnalar mövcuddur.
“Müqavilənin müddətinin bitməsinə azı 1 həftə qalmış tərəflərdən heç biri digər tərəfi yazılı şəkildə xəbərdar etmir. Xəbərdarlıq kağız daşıyıcıda və ya elektron sistem vasitəsilə olmalıdır. Bu halda müqavilə avtomatik olaraq həmin müddətə uzadılmış hesab olunur. Eyni zamanda, əmək münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, bu halda müqavilə müddətsiz sayılır”.
Vəkil qeyd edib ki, işçi üzrlü səbəbdən, məsələn, xəstəlik, ezamiyyət və ya məzuniyyət səbəbilə işdə olmadığı dövrdə müqavilənin müddəti başa çatarsa və bu barədə əvvəlcədən yazılı xəbərdarlıq edilibsə, işəgötürən işçi işə qayıdan gün müqaviləyə xitam verə bilər.
Beləliklə, qanunvericilik işəgötürənə müqaviləni uzatmamaq hüququ versə də, bu proses konkret prosedur qaydalarına uyğun həyata keçirilməlidir. Əks halda, müqavilə avtomatik uzadılmış və ya müddətsiz hesab edilə bilər. Bu isə işçinin hüquqlarının qorunmasında mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
