ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiətinə yönəlmiş “Azadlıq Layihəsi” missiyasının qısa müddətə dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu qərar İranla mümkün yekun razılaşmanın əldə olunması və imzalanması perspektivini qiymətləndirmək məqsədi daşıyır.
KONKRET.az xəbər verir ki, Tramp Truth Social platformasında bildirib ki, Pakistan və digər ölkələrin müraciətləri, eləcə də İran nümayəndələri ilə danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunması nəzərə alınaraq belə addım atılıb.
O, qeyd edib ki, blokada qüvvədə qalmaqda davam edir, lakin razılaşmanın yekunlaşdırılıb-yekunlaşdırılmayacağını görmək üçün missiya müvəqqəti dayandırılır.
Xatırladaq ki, Tramp mayın 3-də Hörmüz boğazında blokadada qalan və ərazini tərk etmək istəyən gəmilərə yardım məqsədilə “Azadlıq Layihəsi” əməliyyatını elan etmişdi. Bundan sonra İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdullahi ABŞ-ı Hörmüz boğazına yaxınlaşmaqdan çəkindirmiş və belə bir hal baş verərsə, Amerika qüvvələrinə qarşı hücum ediləcəyini bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
