Braziliyada 26 yaşlı bloqer xüsusi amansızlıqla qətlə yetirilib. Gənc qadın öz evinin qarşısında güllələnərək həyatını itirib.
KONKRET.az xəbər verir ki, hadisə ölkənin Sertanopolis bələdiyyəsi ərazisində baş verib. Məlumata görə, instaqramda 10 mindən çox izləyicisi olan Pamela Qimaraes evində olduğu vaxt naməlum şəxs avtomobillə darvazaya yaxınlaşıb və onu çölə çağırıb. Bloger həyət qapısına tərəf gedib, lakin təhlükəni hiss edərək geri dönmək istəyərkən ona atəş açılıb.
Hadisə baş verən an qadının dörd azyaşlı övladı da orada olub. Ağır yaralanan gənc qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir. Qeyd edək ki, Pamela Qimaraes sosial şəbəkələrdə moda, gözəllik və ailə həyatı ilə bağlı paylaşımları ilə tanınırdı. Demokrat.az
