Ermənistanın Qərbə inteqrasiyası fonunda Rusiyapərəst dairələrin sərt reaksiyaları erməni ictimaiyyətində müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, erməni müəlliflərdən biri sosial şəbəkədə bu reaksiyaları tənqid edərək bildirib ki, Moskvayönlü dairələrin qəzəbi təsadüfi deyil.
Onun sözlərinə görə, uzun illər ərzində Ermənistanla bağlı təbliğ edilən “Ermənistan kimə lazımdır?”, “Ermənistan hara gedəcək?” kimi narrativlər artıq dağılır.
Müəllif qeyd edib ki, məhz buna görə Rusiyapərəst dairələr əvvəlkindən daha aqressiv reaksiya verirlər:
“Əvvəllər onların qəzəbi yalnız rus dilində ifadə olunurdusa, indi bu, o qədər dərinləşib ki, hətta “düşmən” saydıqları ingilis dilində də öz fikirlərini yayırlar”.
O, Rusiya mediasının tanınmış simalarından Marqarita Simonyanı da sərt tənqid edib və onun Ermənistan əleyhinə mövqe tutduğunu bildirib.
Müəllifin fikrincə, Rusiyapərəst dairələrin isterik reaksiyası Ermənistanın seçdiyi kursun düzgün olduğunu göstərir:
“Onların bu cür aqressiv davranışı onu göstərir ki, biz düzgün yoldayıq və bu yolu daha da sürətləndirmək lazımdır”.
Qeyd edək ki, son günlər İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri və Ermənistan rəhbərliyinin Qərblə yaxınlaşma xətti Rusiya mediasında və Kremlə yaxın dairələrdə kəskin narazılıqla qarşılanıb.
Ağagül Mürsəlov,
KONKRET.az

