Son aylarda yaza xas olmayan hava şəraiti kənd təsərrüfatına təsirsiz ötüşməyib. Mütəxəssislər hava şəraitində gözlənilən növbəti kəskin dəyişikliklərin də məhsuldarlığa təsir edə biləcəyini, bunun isə bəzi ərzaq məhsullarında qiymət artımına səbəb olacağını ehtimal edirlər.
Hava amili bahalaşmada nə dərəcədə rol oynayır? Qiymət artımı gözlənilirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, may ayının sonuna kimi Azərbaycanda fasilələrlə şimşək çaxıb, yağış yağıb və dolu düşüb:
“Əlbəttə, bu cür hava şəraiti bahalaşma ilə müşahidə olunacaq. May Azərbaycanda tərəvəz, meyvə və taxılın böyüdüyü, gücləndiyi dövrə düşür. Məhz bu vaxt düşən dolu bitkinin yarpağını, çiçəyini, cavan meyvəsini məhv edir. Dolu zədəsi görünən meyvə bazar qiymətinə satıla bilmir, çox hissəsi zay olur. Yağıntıların intensivləşməsi isə bağlarda çürümə riskini artırır, xüsusilə üzüm, şaftalı, gavalı, gilas kimi yumşaq meyvələrə ciddi ziyan vurur. Bundan başqa, uzun sürən rütubətli hava bitkilərdə göbələk xəstəliklərinin inkişafına şərait yaradır, fermer əlavə kimyəvi müalicəyə pul xərcləməli olur, bu da maya dəyərini qaldırır”.
İqtisadçı bildirib ki, bahalaşmadan ən çox tərəvəz və tər meyvə qrupu təsirlənir:
“Pomidor, xiyar, bibər, badımcan kimi tərəvəzlər yağışlı havada həm bostanda, həm nəqliyyatda çürüməyə meylli olur. Nəticədə bazara daxil olan miqdar azalır, qiymət isə artır. Gilas, şaftalı, ərik kimi erkən yay meyvələri üçün dolu birbaşa məhvedici hesab olunur. Bir saatlıq dolu bütün bağı bir neçə dəfə döyüb tökə bilir. Taxıl, xüsusilə buğda üçün də may-iyun dövrü kritikdir. Güclü yağışlar sünbüllərin yatmasına, taxılın cücərməsinə səbəb olur.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə istehlak qiymətləri indeksi bir il əvvəlki eyni dövrə nisbətən 5,6 faiz artıb. Bu orta göstəricidi, ərzaq məhsullarında bu rəqəm azı iki dəfə çoxdu. Yəni artıq ümumi inflyasiya fonu mövcuddur, üstəlik pis hava şəraiti gəlsə, ərzaq qrupunda bu göstərici daha da yüksələ bilər”.
A.Nəsirli qeyd edib ki, hava şəraiti bahalaşmaya təsir göstərən yeganə amili deyil:
“Yanacaq qiyməti, nəqliyyat xərcləri, valyuta kursu, idxal həcmi də bahalaşmaya təsir göstərir. Pis hava şəraitinin qiymət artımındakı payı adətən 20-40 faiz arası olur, qalan hissəni digər iqtisadi amillər formalaşdırır. Əgər eyni anda ixrac da güclü olarsa, yəni həm daxili məhsul azalıb, həm də çox hissəsi xaricə gedirsə, bahalaşma daha kəskin hiss olunur. Qısa müddətdə istehlakçı üçün ən ağrılı seqment meyvə-tərəvəz olacaq. Uzunmüddətli perspektivdə isə payız dövrünə kimi ümumi məhsul balansı aydınlaşacaq və qiymətlər bir qədər sabitləşə bilər”.
