Həbsxana divarları arasında doğulan uşaqlar: Onları hansı gələcək gözləyir?backend

Həbsxana divarları arasında doğulan uşaqlar: Onları hansı gələcək gözləyir?

Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Bu göstərici əvvəlki illərlə müqayisədə nisbətən az olsa da, son 5 ilin ən yüksək rəqəmi 2024-cü ildə qeydə alınıb. Həbsxana şəraitində dünyaya gələn uşaqların gələcək taleyi, sosial mühitə uyğunlaşması və psixoloji vəziyyəti isə cəmiyyətdə bir sıra suallar doğurur.

Bəs həbsxanada doğulan uşaqların sonrakı aqibəti necə müəyyənləşir? Onların cəmiyyətə inteqrasiyası üçün hansı addımlar atılmalıdır? Belə bir mühitdə dünyaya gəlmək uşağın psixologiyasında hansı izlər buraxa bilər?

Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA  HƏSƏNOVA

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, hər bir uşağın sevgi, güvən və sağlam ünsiyyət mühitinə ehtiyacı var.

“Uşağın cəmiyyətə inteqrasiyasını yalnız məktəbə getməsi və sosial mühitə qoşulması ilə qiymətləndirmək düzgün deyil. Uşağın özünü qəbul olunmuş hiss etməsi, başqalarına güvənə bilməsi və gələcəyini qurmaq imkanına malik olması da bu prosesin mühüm göstəricilərindəndir”.

Psixoloq qeyd edib ki, erkən uşaqlıq dövründə sabit və etibarlı emosional bağlılığın formalaşması xüsusi əhəmiyyət daşıyır:

“Əgər uşaq anadan ayrılma və emosional ehtiyaclarının qarşılanmaması ilə üzləşirsə, bu, onda narahatlıq və güvənsizlik yarada, gələcək münasibətlərində müəyyən çətinliklərə səbəb ola bilər. Buna görə də uşağın keçmişini onun kimliyinə çevirmək, valideyninin vəziyyəti ilə eyniləşdirmək doğru deyil.

Uşaq həyatının ilk dövrlərində əsasən ana ilə qurduğu emosional bağlılıq vasitəsilə özünü təhlükəsiz hiss etməyi öyrənir. Həbsxana mühiti isə səs-küy, məhdudiyyətlər, məkanın dar olması və gündəlik həyatın müəyyən qaydalarla tənzimlənməsi baxımından uşağın təbii inkişaf mühitindən fərqlənir.

Lakin vacib məqam ondan ibarətdir ki, uşağın həbsxanada doğulması öz-özlüyündə onun mütləq psixoloji travma alacağı anlamına gəlmir. Gələcək psixoloji vəziyyətinə daha çox hansı şəraitdə böyüməsi, anası ilə münasibətləri, qayğı və sevgi görməsi, eləcə də sonrakı həyatında qarşılaşdığı sosial münasibətlər təsir göstərir”.

D.Həsənovanın fikrincə, belə uşaqların cəmiyyətə inteqrasiyasında dövlət qurumlarının, sosial xidmətlərin, təhsil müəssisələrinin və psixoloqların üzərinə mühüm məsuliyyət düşür. O, vurğulayıb ki, bu uşaqların həssas vəziyyəti nəzərə alınmalı, ətrafdakıların münasibəti onların gələcək həyatına mənfi təsir göstərməməlidir.

“Belə uşaqların məktəbə uyğunlaşmasına xüsusi diqqət yetirilməlidir. Təhsil müəssisələrində bu işə məsul şəxslərin uşağın vəziyyətindən məlumatlı olması vacibdir. Onlar uşağın sosial mühitə adaptasiyasına kömək etməli, eyni zamanda məktəb yoldaşları arasında onun doğulduğu şəraitə görə günahlandırılmasının və ayrı-seçkiliyə məruz qalmasının qarşısını almalıdırlar.

Uşaq cəmiyyətə normal şəkildə inteqrasiya olunmalıdır. Ehtiyac yarandıqda profilaktik söhbətlər aparılmalı, onun psixoloji vəziyyəti diqqətdə saxlanılmalıdır. Çünki belə uşaqların ailələrində də bir çox hallarda sağlam sosial və emosional mühit olmur. Bu səbəbdən onlara göstərilən dəstək yalnız məktəblə məhdudlaşmamalı, ailə və sosial mühiti də əhatə etməlidir”, – deyə psixoloq əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*