Urmiya gölü canlandı, bəs Xəzər niyə quruyur? – EKSPERTDƏN AÇIQLAMAbackend

Urmiya gölü canlandı, bəs Xəzər niyə quruyur? – EKSPERTDƏN AÇIQLAMA

Urmiya gölündə suyun həcminin ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə artdığı bildirilir. Xəzər dənizində isə suyun səviyyəsinin azalması davam edir. Urmiya gölündə müşahidə olunan müsbət dəyişikliklər

Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün hansı imkanların mövcud olduğu sualını gündəmə gətirir.

Bəs Xəzərin səviyyəsinin azalmasını dayandırmaq nə dərəcədə realdır?

Mövzu ilə bağlı hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Urmiya gölündəki son müsbət dinamika kiçik su hövzələrində su idarəçiliyinin və yağıntıların qısamüddətli təsirini göstərir. Lakin Xəzər dənizinin səviyyəsində qısa müddətdə artım gözləmək real deyil.

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında… | KONKRET

“Urmiya gölü qapalı və nisbətən kiçik su hövzəsidir. Onun su həcminin kəskin artması və ya sahəsinin genişlənməsi bir neçə mövsüm davam edən bol yağıntılar, bəndlərdən suyun buraxılması və kanalların təmizlənməsi hesabına qısa müddətdə baş verə bilər.

Xəzər dənizi isə dünyanın ən böyük qapalı su hövzəsidir. Onun səviyyəsini bu qədər qısa müddətdə və ya lokal regional tədbirlərlə dəyişmək fiziki baxımdan mümkün deyil”.

C.Hüseynov qeyd edib ki, son zamanlar Urmiya gölündə suyun artması daha çox müvəqqəti hidrometeoroloji amillərlə – intensiv yağışlar, sellər və su anbarlarından gölə su buraxılması ilə əlaqədardır. Uzunmüddətli iqlim tendensiyası dəyişmədiyi təqdirdə bu bərpanı davamlı hesab etmək olmaz.

Ekspert Xəzər dənizinin səviyyəsinin kəskin azalmasının səbəblərinə də toxunub. O, bildirib ki, bu proses qlobal iqlim dəyişikliyi nəticəsində buxarlanmanın kəskin artması və əsas qidalandırıcı çay olan Volqa üzərində antropogen yükün – su anbarlarının və kənd təsərrüfatı məqsədilə su istifadəsinin çoxalması ilə birbaşa əlaqəlidir. Qlobal istiləşmə şəraitində Xəzərin səthindən buxarlanmanın tempi də artmaqda davam edir.

Onun sözlərinə görə, Urmiya gölü ilə Xəzər dənizi arasında birbaşa yerüstü su əlaqəsi yoxdur. Urmiya hövzəsində yağıntıların artması Xəzərə tökülən Volqa, Kür, Ural və digər çayların su rejiminə təsir göstərmir. Bu səbəbdən Urmiya gölündə suyun artması Xəzərin su balansında heç bir dəyişiklik yaratmır.

Cavid Hüseynov hesab edir ki, yaxın gələcəkdə Xəzər dənizinin dayazlaşmasının tam qarşısını almaq real görünmür. Bununla belə, prosesi yumşaltmaq və səviyyə dəyişikliklərinə uyğunlaşmaq mümkündür.

Ekspert bunun üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayır:

Xəzəryanı beş ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran Xəzərə tökülən çayların, xüsusilə Volqa və Kürün suyundan istifadəyə dair vahid kvotalar tətbiq etməlidir.

Su ehtiyatlarına qənaət edən müasir suvarma sistemləri Xəzəri qidalandıran çayların hövzələrində də geniş tətbiq olunmalıdır.

Xəzərin səviyyəsini süni yolla qaldırmaq mümkün olmadığından əsas diqqət limanların, sahil infrastrukturunun və ekosistemin yeni su səviyyəsinə uyğunlaşdırılmasına yönəldilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*