“Həkəri körpüsünün açılması Rusiya sülhməramlılarının səlahiyyətinə aid deyil”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin qondarma “müşavir”i, “keçmiş xarici işlər naziri” David Babayan erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, Həkəri körpüsünün “açılması” Rusiya sülhməramlılarının səlahiyyətinə aid deyil.
“Həkəri körpüsünün “açılması” artıq Rusiya sülhməramlılarının sferasına aid deyil. Bu, artıq geosiyasi məsələdir, gələcəyimizin problemidir.
Biz çox yaxşı danışıq aparmalıyıq, dürüst və qəti danışmalıyıq. Rusiya bizim üçün qardaş ölkədir, bunun üçün İrəvanın, Vaşinqtonun, Parisin iştirakı ilə daha vicdanlı və sərt söhbət aparılmalıdır”, – deyə Babayan bildirib.
O əlavə edib ki, hazırda danışıqlar aparılır.
“Bütün bunlar, əlbəttə ki, vacibdir, lakin Qarabağ xalqı gələcəkləri ilə bağlı cavab gözləyir”, – Babayan deyib.
O, Rusiya sülhməramlı kontingentinin yeni komandiri Aleksandr Lentsovun təyin edilməsinin danışıqlarda müsbət dönüş yarada biləcəyi ilə bağlı fikirlərə münasibət bildirib.
“Bu və ya digər komandirin dəyişdirilməsinin nə əhəmiyyəti var? Mən sadəlövh kimi görünmək istəmirəm. Bu, geosiyasi problemdir. Bu adama hörmətlə yanaşırıq, yaxşı komandirdir. Amma komandir dəyişikliyinin heç bir əhəmiyyəti yoxdur, çünki bu, ən yuxarıda həll olunur”, – deyə separatçı qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az