Həkim xəbərdarlıq etdi: Kassa çeklərini uzun müddət əldə saxlamayın, çünki…backend

Həkim xəbərdarlıq etdi: Kassa çeklərini uzun müddət əldə saxlamayın, çünki...

Son illər mağazalarda istifadə edilən termal kassa çeklərinin tərkibində bisfenol A (BPA) və bisfenol S (BPS) kimi kimyəvi maddələrin olması ilə bağlı narahatlıqlar artır. Mütəxəssislər bildirirlər ki, bu maddələr insan orqanizminə mənfi təsir göstərə bilər və bəzi ölkələr artıq onların istifadəsinin məhdudlaşdırılması istiqamətində addımlar atır.
Bəs termal çeklərlə təmas həqiqətən də xərçəng riskini artırırmı?
KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, bir sıra ölkələr artıq bisfenol tərkibli termal kağızlardan istifadədən imtina etməyə başlayıb.

Fərid Museyibov
Onun sözlərinə görə, bəzi dövlətlər hətta müəyyən məhsulların üzərində bisfenol tərkibli etiketlərin istifadəsini də qadağan ediblər:

“Bisfenol A və bisfenol S insan sağlamlığı üçün təhlükə yarada bilən maddələrdir. Xüsusilə qadınlarda estrogen hormonuna təsir göstərir, hormonal balansın pozulmasına səbəb ola bilər. Eyni zamanda qalxanabənzər vəzin hormonlarına da mənfi təsir göstərdiyi bildirilir. Məhz bu səbəbdən bir sıra ölkələr onların istifadəsinə məhdudiyyət tətbiq edib.”

Həkim qeyd edib ki, bu maddələrin təsirinə qarşı ən həssas qruplar uşaqlar və qadınlardır:

“Bisfenollar uşaqların sağlamlığı üçün daha təhlükəlidir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi, eləcə də hormonal dəyişikliklərlə əlaqəli digər xəstəliklərin yaranmasında risk faktorlarından biri hesab olunur. Buna görə də bu cür termal çeklərlə təmas zamanı diqqətli olmaq, onları lazımsız yerə uzun müddət əldə saxlamamaq və xüsusilə uşaqların bu çeklərlə təmas etməsinə yol verməmək məsləhət görülür.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*