İnsanları meymun və qoyun vəziləri ilə cavanlaşdırırdılar: Bulqakovun Preobrajenski professorunun real prototipləribackend

İnsanları meymun və qoyun vəziləri ilə cavanlaşdırırdılar: Bulqakovun Preobrajenski professorunun real prototipləri

XX əsrin əvvəllərində tibb elmi insan ömrünü uzatmaq və qocalmanın qarşısını almaq üçün olduqca qeyri-adi təcrübələr aparırdı. Həmin dövrdə bəzi alimlər hesab edirdilər ki, insanın cavanlaşmasının sirri cinsiyyət vəzilərində gizlənir. Hətta heyvanların cinsiyyət vəzilərinin insanlara köçürülməsi yolu ilə qocalmanı dayandırmağın mümkünlüyünə inanırdılar.

Maraqlıdır ki, bu təcrübələr Mixail Bulqakovun məşhur “İt ürəyi” əsərindəki professor Preobrajenskinin fəaliyyətini xatırladır.

Deyilənə görə, Bulqakov professor Filipp Filippoviç Preobrajenski obrazını öz əmisi – ginekoloq-həkimin timsalında yaradıb. Əsərdə professorun yaşadığı Kropotkin küçəsi, 24 ünvanındakı ev də onun əmisinin yaşadığı mənzil olub. Əmisi kimi, ədəbi qəhrəman da professor idi.

Ancaq Preobrajenskiyə bənzəyən alimlər təkcə Bulqakovun xəyalında yaşamırdı. Həmin dövrdə Avropada və Rusiyada bir sıra professorlar heyvanların cinsiyyət vəzilərini insanlara köçürməklə onları cavanlaşdırmağa çalışırdılar. Əlbəttə, heç kim itləri insana çevirmirdi, lakin həyata keçirilən əməliyyatlar fantastik əsərləri xatırladırdı.

Meymun vəzilərindən cavanlıq axtaran professor

Cərrahi yolla cavanlaşdırma təcrübələrinə Vyanada professor Şteynax, Parisdə isə professor Voronov başlamışdı.

Şteynax kişilərdə toxum ciyələrini bağlamaqla hormonların orqanizmdə qalmasını və bədənin qidalanmasına xidmət etməsini təmin etməyə çalışırdı. Onun nəzəriyyəsinə görə, bu yolla orqanizmin qocalma prosesini ləngitmək mümkün idi.

Voronov isə daha fərqli üsula əl atmışdı. O, heyvanların cinsiyyət vəzilərini insanlara köçürürdü.

Hündürboylu, yaraşıqlı, parlaq mavi gözlü bu şəxsin sinəsini Fəxri Legion ordeninin lenti bəzəyirdi. Gəncliyində bir neçə il Qahirədə şeyxin şəxsi həkimi kimi çalışmışdı. Məhz orada xədimlərin vaxtından əvvəl qocalmasına diqqət yetirmiş və qocalma prosesinin cinsiyyət vəzilərinin vəziyyəti ilə əlaqəsini araşdırmağa başlamışdı.

Voronovun tədqiqatları o qədər böyük maraq doğurmuşdu ki, Parisdə onu “College de France”ın cərrahiyyə şöbəsinin rəhbəri təyin etməyi məqsədəuyğun hesab etmişdilər. Hökumət də təcrübələr aparması üçün ona qoyunlar ayırmışdı.

İlk sınaqlar heyvanlar üzərində keçirildi. Voronovun müşahidələrinə görə, əməliyyatdan sonra qoyunların yunu daha gur çıxmağa başlamışdı. Bu nəticələrdən ruhlanan alim insanları əməliyyat etməyə qərar verdi. O, meymunların cinsiyyət vəzilərini insanlara köçürürdü.

İlk belə əməliyyat 1920-ci il iyunun 12-də həyata keçirildi. Voronovun pasiyentləri arasında tanınmış həkimlər, rəssamlar, aktyorlar və alimlər də var idi.

Məşhur dramaturq və “Le Quotidien” qəzetinin redaktoru Şarl Malonto da onun xidmətindən yararlanmışdı. İddialara görə, əməliyyatdan sonra 70 yaşlı Malonto hisslərinin təravətini qoruyub saxlamış, Paris xanımlarına göstərdiyi diqqət və etdiyi eşq təklifləri ilə onları xeyli bezdirmişdi.

Hətta Voronovun Fransa siyasətçisi Jorj Klemansoya və Böyük Britaniyanın baş naziri Devid Lloyd Corca da xaya köçürdüyü barədə şayiələr yayılmışdı.

Lakin zaman keçdikcə bu təcrübələr ətrafında mübahisələr və narazılıqlar artdı. Voronov “Greffes lesticulaires” adlı kitabını nəşr etdirərək elmi fəaliyyətini ətraflı təsvir etdi. Sonradan insan üzərində təcrübələrdən imtina etdiyini açıqladı və Fransanın Afrikadakı müstəmləkələrində qoyunlar üzərində araşdırmalarını davam etdirməyə başladı. Görünür, heyvanlarla işləmək daha sakit və problemsiz idi.

Rus professorları da cavanlıq axtarışında idi

Bu istiqamətdə araşdırmalar təkcə Avropada aparılmırdı. Rusiyada da bir sıra tanınmış alimlər insanları cavanlaşdırmaq üçün müxtəlif üsulları sınaqdan keçirirdilər.

Professorlar Nemilov, Xalatov, Bexterev, Leninqradda dosent Qoraş, Moskvada isə professorlar Martınov, Koltsov və Zavadovski bu sahədə tədqiqatlar aparan şəxslər arasında idilər.

Xüsusilə professor Martınovun klinikasında maraqlı əməliyyatlar həyata keçirilirdi. Burada insanlara makaka meymunlarının, pişiklərin və qoyunların endokrin vəziləri köçürülürdü.

Əməliyyatların nəticələri birmənalı deyildi. Bəzi hallarda müsbət dəyişikliklər müşahidə olunduğu bildirilsə də, bu üsulların həqiqətən cavanlaşdırıcı təsir göstərdiyini sübut etmək mümkün olmamışdı.

Bununla belə, həmin dövrün bəzi alimləri və pasiyentləri əməliyyatların uğurlu nəticələr verdiyinə inanırdılar.

Məsələn, professor Martınovun klinikasında əməliyyat olunmuş 72 yaşlı tibb professoru Viktorov bir il sonra gündəliyində özündə baş verən dəyişiklikləri ətraflı təsvir etmişdi. Ona makaka meymununun xayaları köçürülmüşdü.

Professor yazırdı ki, əməliyyatdan sonra iş qabiliyyəti artıb, pilləkənləri məhəccərdən tutmadan qalxmağa başlayıb, addımları böyüyüb, tramvaydan rahat istifadə edə bilir. Saçları tündləşib, görmə qabiliyyəti yaxşılaşıb, iştahası artıb və yuxusu normallaşıb.

Daha sonra isə gündəliyində kifayət qədər maraqlı bir məqamı qeyd etmişdi:

“Erotik yuxular görməyə başlamışam və yuxuda kifayət qədər güclü ereksiyalar da baş verir”.

Belə görünür, professor özünü həqiqətən cavanlaşmış hesab edirdi. Onu bu uğurlu nəticə münasibətilə təbrik etmək də olardı. Bir şərtlə ki, bütün bunlar yalnız yuxusunda baş verməmiş olsun!

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*