Xocəsən qəsəbəsində zədələnmiş su borularından sızan içməli su torpağın altı ilə yayılaraq evlərin bünövrəsinə və həyətlərə axır. Üstəlik, su xətlərinin üzərindən 10 min voltluq elektrik kabellərinin keçirilməsi ərazidə təhlükəli vəziyyət yaradıb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Xocəsən qəsəbəsi, Anadolu küçəsi, 98 ünvanında yaşayan Zahid İlyas oğlu Hüseynli şikayətlə müraciət edərək bildirib ki, ərazidə yeni elektrik xəttinin çəkilişi zamanı fərdi evlərə gedən su borularının üzərindən yüksək gərginlikli kabellər keçirilib. İşlərin aparılması zamanı boruların zədələndiyini deyən sakin bunun nəticəsində suyun torpağın altı ilə yayılaraq evinin altına və həyətinə axdığını qeyd edir.
“Su boruları çəkilib, onların üzərindən isə 10 min voltluq elektrik kabelləri keçirilib. Mən işləri həyata keçirən şəxslərə etiraz etdim, dedim ki, başqa marşrut seçsinlər, kabelləri buradan yox, bir qədər kənardan çəksinlər. Lakin təklifimə məhəl qoymadılar. Ərazidə işlərə nəzarət edən icraçı da var idi. Buna baxmayaraq, kabelləri su borularının üzərindən keçirdilər.
Üstəlik, işlər lazımi dərinlikdə aparılmayıb, kabellər artıq zədələnmiş vəziyyətdə idi. Kabel suyun içində idi və həmin görüntüləri çəkərək redaksiyamıza göndərmişəm. Etirazımı bildirəndən sonra isə tez-tələsik üstünü torpaqla örtdülər ki, su sızması görünməsin”, – deyə şikayətçi bildirib.
Onun sözlərinə görə, ərazidə 15 ədəd əsas su borusu var. Həmin boruların hansından sızma olduğunu müəyyənləşdirmək isə çətindir. Sakin problemin artıq evinə də təsir etdiyini deyir:
“Su borularından sızan su torpağın altı ilə yayılır, istiqamətini dəyişərək evimizin altına, oradan da həyətimizə və aşağı istiqamətə doğru axır. İndi bu vəziyyətin nəticələri evimizə də təsir edir. Sadəcə, üstünü örtdükləri üçün sızma gözlə görünmür”.
Zahid Hüseynli qeyd edir ki, su sızmasının qarşısını almaq üçün indiyədək iki dəfə öz hesabına xərc çəkib. Lakin problemin təkrarlandığını və bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürə bilməyəcəyini bildirir.
Şikayətçinin fikrincə, problemin həlli üçün əsas su xəttinin üzərində kollektor quraşdırılmalıdır. O, bu təklifin indiyədək nəzərə alınmadığını deyir:
“Əsas xəttin üzərində bir kollektor quraşdırılsa, məsələ birdəfəlik həll oluna bilər. Amma Su-kanal İdarəsinin rəhbərliyi bu məsələnin həllinə lazımi diqqət ayırmır. Mən milyonçu deyiləm ki, hər dəfə yaranan problemi öz hesabıma aradan qaldırım”.
Sakin bildirir ki, ayın 9-da məsələ ilə bağlı Su-kanal İdarəsinə onlayn müraciət edib. Bir müddət sonra qurumun əməkdaşları əraziyə baxış keçirsələr də, onun sözlərinə görə, heç bir real tədbir görülməyib:
“Bir gün gəldilər, baxdılar və heç bir tədbir görmədən çıxıb getdilər. Bundan sonra məcbur olub tənqidi yazı hazırladım. Prezident Administrasiyasının, İcra Hakimiyyətinin qaynar xətlərinə dəfələrlə müraciət etdik. Lakin bütün bunlara baxmayaraq, problem həllini tapmadı”.
Hüseynli Binəqədi Rayon Sukanal İdarəsinin 1646 nömrəli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) isə 955 nömrəli qaynar xətlərinə müraciət etdiyini, idarə rəisi Dəyanət Seyidəliyevə də yazılı şəkildə şikayət ünvanladığını bildirir. Lakin indiyədək nəticə əldə olunmadığını iddia edir.
Sakin daha əvvəl də məsələ ilə bağlı “Binəqədi Rayon Sukanal İdarəsində özbaşınalıq davam edir” başlıqlı tənqidi yazı hazırladığını xatırladır. Onun sözlərinə görə, su xətlərindəki sızmaların vaxtında aradan qaldırılmaması nəticəsində içməli su günlərlə, aylarla boş yerə axır, evlər və həyətlər su altında qalır.
Zahid Hüseynli aidiyyəti qurumlardan su sızmasının səbəblərinin araşdırılmasını, zədələnmiş xətlərin təmir edilməsini və problemin birdəfəlik həllini tələb edir. O, eyni zamanda elektrik kabellərinin su borularının üzərindən çəkilməsinin yaratdığı risklərin də yoxlanılmasını istəyir.
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Musavat.com-a bildirilib ki, məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinə məlumat verilib. Əraziyə briqada cəlb ediləcək, araşdırma aparılacaq, qeydə alınan problemə əsasən lazımi tədbirlər görüləcək.





