Həmkəndlisini bıçaqlayaraq ağır yaralayan şəxsin cəzası yüngülləşdirildibackend

Həmkəndlisini bıçaqlayaraq ağır yaralayan şəxsin cəzası yüngülləşdirildi

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətinə qəsdən sağlamlığa zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Elman Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilib. Bununla yanaşı, Elman Mehdiyev Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinib. Ona 126.1-ci maddə ilə 3 il 3 ay, 221.3-cü maddə ilə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanmaqla Elman Mehdiyevə qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

İttihama görə, hadisə 2024-cü il sentyabrın 22-də saat 21 radələrində Tovuz rayonunun Xatınlı kəndində baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Elman Mehdiyev kəndin mərkəzində, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Xatınlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaxınlığındakı küçədə siqaret çəkən həmkəndlisi, zərərçəkmiş Şahməddin Cəfərovla qarşılaşıb. Bu zaman zərərçəkmiş şəxsin ona baxışının xoşuna gəlmədiyini bəhanə edən təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə yaratmağa başlayıb.

İttiham aktında qeyd olunur ki, Elman Mehdiyev ətrafdakı şəxslərin gözü qarşısında ictimai qaydaya və cəmiyyətdə qəbul edilmiş davranış normalarına açıq hörmətsizlik nümayiş etdirərək, xuliqanlıq niyyəti ilə həmkəndlisinin sağlamlığına ağır zərər vurmaq qərarına gəlib.

Bu məqsədlə o, yaxınlıqda yerləşən və özünün işlədiyi bərbərxanaya gedərək oradan bıçaq götürüb. Daha sonra Şahməddin Cəfərova yaxınlaşaraq səs-küy salıb və onunla səbəbsiz mübahisə edib.

Zərərçəkmiş şəxs həmin ərazidən uzaqlaşsa da, bir neçə dəqiqə sonra geri qayıdıb. Bu zaman Elman Mehdiyev mübahisəni davam etdirərək üzərindəki mətbəx bıçağı ilə həmkəndlisinin sinə və qarın nahiyələrinə iki zərbə endirib.

Bıçaq zərbələri nəticəsində Şahməddin Cəfərovun sağ əlinin ikinci barmağının birinci falanqasında səthi kəsilmiş yara, eləcə də qarın nahiyəsində deşilmiş-kəsilmiş yara əmələ gəlib.

Ekspertiza səthi kəsilmiş yaranı sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirib. Qarın nahiyəsindəki yara isə qaraciyərin sağ payının zədələnməsi və daxili qanaxma ilə nəticələndiyindən həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Beləliklə, Elman Mehdiyev xuliqanlıq niyyəti ilə, silah qismində istifadə etdiyi əşyadan yararlanaraq, ictimai qaydanı kobud surətdə pozmaqla və vətəndaş üzərində zor tətbiq etməklə müşayiət olunan hərəkətlər törətməkdə təqsirləndirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Mehdiyevə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*