Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Fuad Həşimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının tələbləri nəzərə alınmaqla, təqsirləndirilən şəxsin Füzuli Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb. Həmin cəza Füzuli Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə, yəni silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq cinayətini törətməkdə təqsirli bilinib.
İttihama görə, hadisə 2025-ci ilin may ayında, saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhərində, Heydər Əliyev prospektində yerləşən “Köndələn” yeməkxanasının yaxınlığında baş verib.
Müəyyən edilib ki, Fuad Həşimov heç bir əsaslı səbəb olmadan Horadiz şəhər sakini olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin sol gözaltı nahiyəsinə yumruq zərbəsi endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin sol gözaltı nahiyəsində qançır əmələ gəlib və ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirilib.
Araşdırma zamanı məlum olub ki, hadisə bununla bitməyib. Təxminən 5-10 dəqiqə sonra təqsirləndirilən şəxs yenidən xuliqanlıq hərəkətlərini davam etdirib.
Belə ki, Fuad Həşimov etibarnamə ilə idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Horadiz şəhərində yerləşən marketin yaxınlığına gəlib və maşını qəsdən zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) üzərinə sürüb. Zərərçəkmiş şəxs son anda kənara çəkildiyindən avtomobil ona dəyməyib.
Bundan sonra Fuad Həşimov idarə etdiyi avtomobili qəsdən zərərçəkmiş şəxsə məxsus “Changan Uni-T” markalı avtomobilə vurub. Zərbənin təsirindən “Changan Uni-T” markalı avtomobil yaxınlıqda dayanmış digər şəxsə məxsus “VAZ-21154” markalı avtomobilə çırpılıb.
Nəticədə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib. Belə ki, “Changan Uni-T” markalı avtomobilin sahibinə 4 641 manat, digər avtomobilin sahibinə isə 540 manat məbləğində maddi ziyan vurulub.
İstintaq orqanı hadisəni silah qismində istifadə olunan əşyanın tətbiqi ilə törədilmiş təkrar qərəzli xuliqanlıq əməli kimi qiymətləndirib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Fuad Həşimov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Şirvan Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmişdi.
