ABŞ prezidenti Donald Trampın “The Wall Street Journal” (WSJ) qəzetinə və onun sahibi Rupert Mördoka qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası məhkəmə tərəfindən qəti şəkildə rədd edilib.
KONKRET.az xəbər verir ki, Florida ştatının Federal Dairə Məhkəməsinin təkrar qərarında bildirilir ki, iddiaçı cavabdehlərin qəsdən pis niyyətlə hərəkət etdiyini yenidən sübuta yetirə bilməyib. Söhbət Trampın nəşri qəsdən böhtan atmaqda ittiham etdiyi məhkəmə iddiasından gedir.
Tramp ilk dəfə 2025-ci ildə “The Wall Street Journal”a və nəşrin sahibi Rupert Mördoqa qarşı iddia qaldırmışdı. Buna səbəb qəzetdə ABŞ prezidentinin mərhum amerikalı maliyyəçi Ceffri Epşteynə ünvanladığı təbrik məktubu ilə bağlı dərc olunan material idi.
Xatırladaq ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı və insan alveri ilə bağlı cinayətlərə görə məhkum edilmişdi. Tramp isə həmin məktubun müəllifi olduğunu inkar edirdi.
2026-cı ildə Florida məhkəməsi prezidentin iddiasını rədd etmişdi. Bundan sonra Trampın hüquqşünasları iddia ərizəsinə dəyişikliklər edərək onu yenidən məhkəməyə təqdim etmişdilər. Lakin məhkəmənin son qərarı da iddianın təmin edilməməsi ilə nəticələnib.
Yeni qərar həmçinin o deməkdir ki, Tramp artıq iddia ərizəsini yenidən dəyişdirərək federal birinci instansiya məhkəməsinə təqdim edə bilməyəcək. Bununla belə, onun qərardan apellyasiya şikayəti vermək hüququ qalır.
“The Wall Street Journal” hakim Darrin Geylsin mövqeyini şərh edərkən onun aşağıdakı fikirlərinə istinad edib:
“Əgər ABŞ məhkəmələri siyasətçilər hər dəfə ittihamları inkar etdikdə KİV-ləri cəzalandırsaydı, jurnalistlər tənqidi məlumatlar yaymaq imkanını itirərdilər. Bu isə amerikalıların öz fikirlərini ifadə etmək hüququna zidd olardı”.
Beləliklə, Trampın “The Wall Street Journal”a qarşı 10 milyard dollarlıq iddiası məhkəmədə ikinci dəfə rədd edilib. Bununla belə, apellyasiya mərhələsi ehtimalı hələ də qalır.
Ağagül Mürsəlov,
KONKRET.az
