1965-ci ildə İtaliyada qanun qadını onu zorlayan şəxslə evlənməyə məcbur edə bilirdi. Əks halda, qadın ömrünün sonuna qədər “namusu ləkələnmiş” hesab olunurdu. Həmin vaxt cəmi 17 yaşı olan Franka Viola isə bu qaydaya qarşı çıxdı. O, təcavüzkarı ilə evlənməkdən imtina etdi və bununla İtaliya tarixində dönüş nöqtəsi yaratdı.
Lakin bu qərara gəlmək üçün əvvəlcə dəhşətli sınaqlardan keçməli idi.
1965-ci ildə Siciliyanın Alkamo şəhərində yaşayan Franka Viola mafiya ilə əlaqələri olduğu bildirilən Filippo Melodia ilə münasibətlərini bitirmişdi. Melodia isə rədd edilməyi qəbul edə bilmirdi.
Həmin il dekabrın 26-da o, silahlı şəxslərdən ibarət dəstə ilə birlikdə Viola ailəsinin evinə basqın etdi. Frankanın anasını döydülər, gənc qızı və onu qorumağa çalışan cəmi səkkiz yaşlı qardaşı Marianonu zorla evdən apardılar.
Bir müddət sonra Mariano sərbəst buraxıldı. Franka isə əsirlikdə saxlanıldı.
Gənc qız səkkiz gün ərzində zorakılığa və təhdidlərə məruz qaldı. Onu təcavüzkarı ilə evlənməyə məcbur etməyə çalışırdılar.
Çünki 1965-ci ilin İtaliyasında bunun hüquqi və ictimai baxımdan qəbul edilmiş bir “həll yolu” vardı.
İtaliya Cinayət Məcəlləsinin 544-cü maddəsinə əsasən, zorlama törədən şəxs qurbanı ilə evləndiyi təqdirdə cinayət məsuliyyətindən azad edilə bilərdi. Bu praktika “matrimonio riparatore” – “bərpaedici nikah” adlanırdı.
Məntiq isə son dərəcə qəddar idi: guya zorakılıq qadının namusunu ləkələyirdi və yalnız təcavüzkarla nikah bu “ləkəni” aradan qaldıra bilərdi.
Diqqətçəkən məqam budur ki, söhbət orta əsrlərdən deyil, 1965-ci ildən gedir. Həmin il “The Beatles” qrupu məşhur “Yesterday” mahnısını təqdim etmiş, ABŞ isə Vyetnama hərbi qüvvələrini göndərmişdi. Müasir Avropanın bir ölkəsində isə zorlama qurbanından onu zorlayan şəxslə ailə qurması gözlənilirdi.
Franka səkkiz günlük əsirlikdən sonra xilas edildi. Lakin qarşıda onu başqa bir sınaq gözləyirdi. Cəmiyyət, hətta ətrafındakı bəzi insanlar ondan mövcud adət-ənənəyə tabe olmağı, nikahı qəbul etməyi və baş verənləri unudaraq həyatına davam etməyi gözləyirdi. Franka isə “yox” dedi.
Atası Bernardo Violanın dəstəyi ilə təcavüzkarı ilə evlənməkdən imtina etdi. Bununla kifayətlənməyərək, Filippo Melodia barəsində hüquq-mühafizə orqanlarına şikayət etdi.
Bu qərarın bədəli ağır oldu. Ailə cəmiyyət tərəfindən təcrid edildi, onların əkin sahələri yandırıldı. Viola soyadı təzyiqlərin və təhqirlərin hədəfinə çevrildi.
Mafiya təsirinin güclü olduğu, “ailə namusu” anlayışının cəmiyyətdə dərin kök saldığı Siciliyada belə bir ənənəyə qarşı çıxmaq böyük cəsarət, hətta həyatını riskə atmaq demək idi. Amma Franka geri çəkilmədi.
Onun işi qısa müddətdə bütün İtaliyada böyük rezonans doğurdu. Ölkə ilk dəfə bu qədər açıq şəkildə qurbanı susmağa, cinayətkarı isə evlilik yolu ilə məsuliyyətdən xilas etməyə imkan verən qanunla üz-üzə qalmışdı.
Qəzetlər hadisəni geniş işıqlandırır, cəmiyyət isə iki düşərgəyə bölünürdü. Bir tərəf Frankanın cəsarətinə heyranlığını ifadə edir, digər tərəf isə onu ailəsini və cəmiyyətin qəbul etdiyi ənənələri rüsvay etməkdə ittiham edirdi.
1966-cı ildə Filippo Melodia təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edildi.
Franka Viola təcavüzkarı ilə evlənməkdən imtina edərək onu məhkəmə qarşısına çıxaran ilk italyan qadın kimi tarixə düşdü.
Onun mübarizəsi təkcə şəxsi hüquqların müdafiəsi deyildi. Bu hadisə İtaliya cəmiyyətində qadının ləyaqəti, hüquqları və zorakılığa qarşı mübarizə ilə bağlı ciddi müzakirələrin başlanmasına təkan verdi.
Franka Viola İtaliya Prezidenti Cüzeppe Saraqat tərəfindən qəbul edildi. Papa VI Pavelin də onunla görüşməsi hadisənin artıq yalnız hüquqi deyil, həm də ictimai və mənəvi əhəmiyyət daşıdığını göstərirdi.
Franka bir ənənəyə qarşı çıxmaqla kifayətlənmədi. O, qadının taleyini cəmiyyətin “namus” anlayışının deyil, öz iradəsinin müəyyən etməli olduğunu nümayiş etdirdi.
Onun cəsarəti illərlə davam edən mübarizənin simvoluna çevrildi. Nəhayət, 1981-ci ildə İtaliyada “bərpaedici nikah”a imkan verən 544-cü maddə ləğv edildi.
Franka Viola tarixə bir həqiqəti sübut edən qadın kimi düşdü: zorakılığın qurbanı utanmalı olan tərəf deyil. Utanmalı olan cinayətkardır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
