Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqdadır və xəstəlik hazırda təxminən hər 30 dəqiqədə bir insanın həyatına son qoyur.
KONKRET.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Baş Katibinin müavini Tom Fletçer vəziyyətlə bağlı xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti ölkəyə təcili yardımı artırmağa çağırıb.
“Ebola Konqo Demokratik Respublikasında qalib gəlir. Virusun cavab tədbirlərimizi üstələməsinə icazə verə bilmərik”, – deyə Fletçer bildirib. O, hazırkı epidemiyanın “qeydiyyatda olan ən sürətli” olduğunu bildirib.
Konqo Demokratik Respublikası hakimiyyəti rəsmi olaraq epidemiyanın yayıldığını elan etdiyi 15 maydan bəri 4500-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb və ən azı 2128 ölüm hadisəsi qeydə alınıb. BMT-nin hesablamalarına görə, epidemiya artıq tarixdə ən ölümcül Ebola epidemiyası ola bilər.
“Epidemiya hər 30 dəqiqədə bir nəfərin ölümünə səbəb olur. Daha çox insan risk altındadır”, – deyə BMT nümayəndəsi vurğulayıb.
Fletçer bildirib ki, ölkələr artıq epidemiyanın qarşısının alınması fonduna təxminən 300 milyon dollar ianə ediblər. BMT həmçinin Konqo Demokratik Respublikasına və digər dörd ölkəyə kömək üçün əvvəllər ayrılmış 24 milyon dollara əlavə olaraq, fövqəladə hallar fondundan daha 30,5 milyon dollar ayırıb.
Xəstəlik artıq Konqo Demokratik Respublikasının altı əyalətində, eləcə də Uqandada qeydə alınıb. Cənubi Sudanla sərhədə yaxın ərazilərdə də yoluxma halları aşkarlanıb.
Fletçerin sözlərinə görə, əlavə 20 işçi cəbhə xəttinə göndərilib, lakin bu, kifayət deyil. BMT ölülərin təhlükəsiz və ləyaqətli dəfninə həsr olunmuş qrupların sayının ikiqat artırılmasına, müalicə potensialının üçqat artırılmasına, kontaktların izlənməsinin gücləndirilməsinə və bölgəyə daha təcrübəli mütəxəssislərin göndərilməsinə çağırır.
“Regionun su, sanitariya, səhiyyə və digər əsas xidmətlərə olan böyük ehtiyaclarını ödəmək çox vacibdir”, – deyə Fletçer qeyd edib və əlavə edib ki, “Dünyanın oyanıb kömək etməsi lazımdır”. Konqo Demokratik Respublikasında hazırda baş verən 17-ci Ebola epidemiyasına Bundibugyo ştammı səbəb olur. Son 50 ildə Ebola virusu Afrikada 15.000-dən çox insanın ölümünə səbəb olub. Əvvəlki ən böyük epidemiya, 2018-ci ildən 2020-ci ilə qədər davam etmiş və təxminən 2300 insanın ölümünə səbəb olmuşdu.//musavat.com
