Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmar Tahirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti cəzanın ağırlaşdırılması hissəsində qismən təmin olunub, mülki iddianın cinayət prosesi çərçivəsində qəbul və təmin edilməsi barədə hissədə təmin edilməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Elmar Tahirovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası ağırlaşdırılaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası həddində müəyyən olunub.
İttihama görə, Elmar Tahirov özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə əvvəlcədən plan qurub.
Belə ki, o, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxs kimi özünü təqdim etməklə tanışı, zərərçəkmiş Nağı Rəfizadənin (adı, soyadı şərtidir) etibarını qazanıb. Daha sonra ona Beyləqan rayonu ərazisində torpaq sahələri və iri, eləcə də xırdabuynuzlu heyvanlar almağı, birlikdə heyvandarlıqla məşğul olmağı və bu fəaliyyətdən yüksək qazanc əldə etməyi təklif edib.
Elmar Tahirov bu məqsədlə zərərçəkmiş şəxsə verdiyi vədlərlə onu aldadaraq müxtəlif vaxtlarda pul vəsaiti alıb.
O, 2024-cü ildən 2025-ci ilədək olan müddətdə Beyləqan şəhəri ərazisində müxtəlif yerlərdə Nağı Rəfizadədən ümumilikdə 155 000 manat pul vəsaiti alaraq dələduzluq yolu ilə ələ keçirib.
Təqsirləndirilən şəxs əldə etdiyi vəsaiti vəd etdiyi biznesin qurulmasına və heyvandarlıq fəaliyyətinə yönəltmək əvəzinə şəxsi ehtiyaclarına sərf edib. Bununla da verdiyi vədlərə əməl etməyərək Nağı Rəfizadəyə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Tahirov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
