Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xaricdə sığınacaq alaraq yaşayan “bloqer” Tural Sadıqlı ilə qısa, amma tarixə düşən dialoqu məni bir jurnalist kimi çox qürurlandırdı. Birincisi, ona görə ki, bu qısa dialoq Azərbaycan dövlətinin sarsılmazlığını, gücünü, qüdrətini bütün dünyaya yenidən nümayiş etdirdi. Vaxtilə Azərbaycanı hədəfə alan, dövləti, hökuməti ləkələməyə çalışan, ayrı-ayrı nüfuzlu şəxsləri təhqir etməkdən çəkinməyən antimilli bu şəxs, indi geri addım atmağa məcbur qalıb. Bəli, məhz uğurlu diplomatiyanın, aparılan məntiqli xarici siyasətin nəticəsidir ki, Tural Sadıqlı və onun kimi digərləri məğlub olduqlarını anlamağa başlayıblar.

İkincisi, indiyədək sinəsinə döyərək, “Azərbaycan dövlətinin rəhbərliyində təmsil olunan şəxslər bizim qarşımıza çıxmağa, dialoq qurmağa və suallarımızı cavablandırmağa çəkinirlər” deyən və bununla öyünən antimilli adamlar artıq tam əks mənzərənin şahidi olurlar. Bunun ən layiqli nümunəsini ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın ortalarında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində mühacir Emin Hüseynovun qərəzli sualını layiqli şəkildə cavablandırarkən ortaya qoydu. Ardınca Prezidentin köməkçisi Hikmət Hacıyevin “bloqer” Tural Sadıqlıya tutarlı cavab verməsi bütün steriotipləri darmadağın etdi.
Üçüncüsü və ən əsası Hikmət Hacıyevin “vətən xaini” məfhumunu qabartmasıdır ki, bu ifadə damarında azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşı üçün ölümdən betərdir. Elə ona görə də, Hikmət Hacıyevin Sadıqlıya səmimi qəlbdən yazığı gəldi. Əgər Sadıqlı və onun “silahdaşları” bir gün bu sözün ağırlığını öz çiyinlərində hiss etsələr, bəlkə onlardan adam oldu.
P.S. Dövləti idarə etmək olduqca çətin məsələdir. Təbii ki, burada müəyyən nöqsanların olması da mümkündür. Bu nöqsanları ölkə rəhbərliyinə çatdırmağın da müxtəlif yolları mövcuddur. Baxmayaraq ki, çətindir, məmur senzurası var, amma mümkündür. Ancaq xaricdəki Azərbaycanı sevməyən qüvvələrə sığınaraq, onların maliyyəsindən faydalanaraq dövləti və onun ali rəhbərliyini hədəfə almaq heç bir məntiqə sığmır və doğru mübarizə üsulu kimi də qəbul edilmir. Hikmət Hacıyev də Tural Sadıqlıya məhz bunu səmimi şəkildə və yüksək peşəkarlıqla izah etməyə çalışdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
