Hökumətin yarıtmaz işi xoşagəlməz vəziyyət yaradıb – DETALLARbackend

Hökumətin yarıtmaz işi xoşagəlməz vəziyyət yaradıb - DETALLAR

Dövlətin idarə edilməsində müxtəlif qurumların fərqli funksiyaları var. Həmin qurumların səmərəli fəaliyyəti isə idarəetmədə önəmli rol oynayır. Sosial problemlərin həllindən ötrü atılan addımlar, iqtisadi sahədə görülən işlər, aparılan islahatlar xalqın rifahını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Dövlətin bu sahədə gördüyü işlərə dəstək hər bir təşkilatın, qurumun üzərinə düşən mühüm vəzifədir. Bəzən isə aidiyyəti qurumlar ya üzərilərinə düşən işin öhdəsindən gələ bilmir, ya da onlara tapşırılan işə etinasız yanaşırlar.

Nazirlər Kabinetinin də bu yöndə fəaliyyəti ürəkaçan deyil. Bəzi sosial problemlərin həllində sadəcə müşahidəçi qismində çıxış edən Nazirlər Kabineti fundamental qərarlar çıxarmaq əvəzinə, sadəcə, komissiya təşkil etmək və kiçik toplantılarla işini bitmiş hesab edir. Bununla da cəmiyyətin gözündən pərdə asmağa çalışan hökumətin tabeliyində olan qurumlar da eyni ssenari ilə işlərini davam etdirirlər. Bəzi nazirliklərin fəaliyyəti mənzil istismar sahələrinin fəaliyyətindən fərqlənmir. Küçə təmizliklərinə, ağacların budanmasına dərhal reaksiya verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Fövqəladə Hallar Nazirliyi bəzən fəaliyyət sahələrini qarışdırır. Onlara həvalə olunan mühüm tapşırıqlar fonunda çox xırda işlərə müdaxilə edir, bütün bunlar isə fəaliyyətlərində uyğunsuzluq yaradır. Nazirlər Kabineti isə susur və baş verənləri sanki görmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə başqa mənzərə hökm sürür. Cəmiyyətin həssas təbəqəsini əhatə edən bu dövlət qurumunda vətəndaşlar hər gün bürokratik əngəllərlə üzləşir. Minlərlə insanın müraciət etdiyi bu qurumda hökm sürən qeyri-sağlam mühit vətəndaşların haqlı narazılığına səbəb olur.

Nazirlər Kabineti isə sadəcə bu nazirliklərin fəaliyyətini seyr etməklə məşğuldur. Məsələnin kökündə dayanan amil məmur özbaşınalığıdır. Bu etinasız yanaşmalar isə daha böyük fəsadlara yol açır.

Gədəbəyin Söyüdlü kəndində baş verənlərdə seyrçi mövqe sərgiləyən Nazirlər Kabinetinin günahı isə yetərincədir. Tabeliyindəki qurumları vaxtında koordinasiya edə bilməyən hökumətin yarıtmaz işi xoşagəlməz vəziyyət yaradıb.

Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev Gədəbəy rayonunda baş vermiş hadisəni qəbuledilməz adlandırıb, bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığa yol verdiyini deyib.

Prezident Nazirlər Kabinetində Söyüdlü məsələsi ilə bağlı müşavirədən danışanda isə lap heyrətlənib: ”Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir – Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir”.

Prezident İlham Əliyev məsələ ilə bağlı bir həftə ərzində ona və ictimaiyyətə məlumat verilməsini tapşırıb.

Nazirlər Kabineti isə yenə öz ampluasındadır. Sadəcə iclaslar keçirib açıqlamalar verməklə məşğul olan bu qurumun işi sadəcə Söyüdlüdəki xarici şirkətin fəaliyyətini dayandırmaqdan başqa bir şey olmayıb. Halbuki Söyüdlü camaatının üzləşdiyi ekoloji problem illərlə mövcud olub və dəfələrlə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həm Fövqəladə Hallar Nazirliyinə, həm də Nazirlər Kabinetinə müraciət edilib. Amma müraciətlərə etinasız yanaşan qurumlar yalnız hadisələr alovlanandan sonra məsələ ilə məşğul olmağa cəhd ediblər. Amma yenə kabinetlərdə yığıncaqlar, müşavirələr və söz yığnağından ibarət açıqlamalar. Görəsən, fikirlərini normal izah etməkdə çətinlik çəkən hökumət adamları Prezidentin qarşısında düşdükləri rəzil vəziyyətdən xəcalət çəkirlərmi?

Bütün sosial problemlər haqqında geninə-boluna yalan informasiyalar verən nazirlər etdikləri əməllər barədə özlərinə hesabat verirlərmi?

Əsas diqqətini Azərbaycanın xarici siyasətinə yönəldən Prezident İlham Əliyev ölkə daxilindəki islahatların bir qismini Nazirlər Kabinetinin ixtiyarına buraxıb. Prezidentin etibarından sui-istifadə edən, mərkəzi icra hakimiyyəti orqanlarının koordinatoru olan Nazirlər Kabineti isə nəzarəti tam əldən verib. İndi tabeliyindəki qurumların da fəaliyyəti bərbad gündədir.

Nazirlər Kabinetinin fəaliyyəti həm də ölkənin sosial siyasətini formalaşdırır. Daxili siyasətdə birbaşa rol oynayan hökumətin yarıtmaz işi sayəsində sosial problemlər öz həllini gözləyir. Bu problemlərə cavabdeh qurumlar, başda Nazirlər Kabineti olmaqla öz funksiyasını yerinə yetirə bilmir. Deməli, Azərbaycanda Nazirlər Kabineti adlı nəhəng bir qurumun olmasına, ümumiyyətlə, ehtiyac yoxdur. Nazirlər Kabineti öz işinin öhdəsindən gələ bilmirsə, ölkə iqtisadiyyatına, sosial siyasətə töhfə verə bilmirsə, mövcud problemin həllinə seyrçi qalırsa, situasiyaları düzgün qiymətləndirə bilmirsə, iqtisadi və sosial islahatların həllinə, Prezident İlham Əliyevin daxili siyasətinə biganə yanaşırsa, belə bir qurumun mövcudluğuna ehtiyac varmı?

Bunu zaman göstərəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*