Vaşinqton və Tehran arasında davam edən danışıqların nəticələrinin yaxın 48 saat ərzində bəlli ola biləcəyi ilə bağlı məlumatlar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ekspertlər hesab edirlər ki, mümkün razılaşma təkcə ABŞ-İran münasibətlərinə deyil, həm də Hörmüz boğazının təhlükəsizliyinə və qlobal enerji bazarına ciddi təsir göstərə bilər.
Bəs tərəflər arasında əldə oluna biləcək anlaşma region və dünya üçün hansı nəticələr vəd edir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, tərəflər artıq müəyyən ortaq məxrəcə yaxınlaşıblar.

Onun sözlərinə görə, hərbi gərginliyin aradan qaldırılması bütövlükdə Hörmüz boğazının təhlükəsiz istismarı ilə bağlı razılaşmadan keçir.
“ABŞ dünyada strateji keçidlər üzərində nəzarət və liderlik mövqeyini gücləndirmək istiqamətində addımlar atır. Bu baxımdan Hörmüz boğazı xüsusi əhəmiyyət daşıyır. Tərəflər arasında mümkün razılaşma bölgədə gərginliyin azalmasına xidmət edə bilər”.
Siyasi şərhçi qeyd edib ki, belə bir anlaşma İranın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün də yeni imkanlar yarada bilər.
“Əgər sanksiyaların yumşaldılması və ya müəyyən iqtisadi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı mexanizm işə düşərsə, İranın neft ixracı artacaq. Bu isə qlobal bazarda təklifin genişlənməsi deməkdir”.
Əziz Əlibəylinin fikrincə, Hörmüz boğazında təhlükəsizlik risklərinin azalması enerji daşıyıcılarının dünya bazarına sabit şəkildə çıxarılmasına birbaşa təsir göstərəcək.
“Dəniz yolu ilə daşınan dünya neftinin mühüm hissəsi məhz Hörmüz boğazından keçir. Burada risklərin azalması bazarlardakı psixoloji gərginliyi zəiflədə və enerji qiymətlərinin formalaşmasına təsir göstərə bilər”.
Ekspert hesab edir ki, razılaşma baş tutacağı təqdirdə ABŞ və İran arasında münasibətlər tam normallaşmasa da, qarşıdurma mərhələsindən idarəolunan rəqabət mərhələsinə keçid mümkündür.
“Bu, uzunmüddətli etimadın formalaşması demək deyil. Lakin tərəflər arasında birbaşa hərbi toqquşma riskinin azalması həm regionun təhlükəsizliyi, həm də qlobal iqtisadiyyat baxımından mühüm əhəmiyyət daşıyır”.
Əziz Əlibəyli əlavə edib ki, yaxın günlərdə veriləcək qərarlar Yaxın Şərqin təhlükəsizlik arxitekturasına, eləcə də qlobal enerji bazarının gələcək dinamikasına təsir göstərəcək əsas amillərdən biri olacaq.
Aynurə İsmayıl
KONKRET.az
