Dünyada əsas enerji ixracatı, xüsusən də neft-qaz tranziti Süveyş kanalı və Fars körfəzi vasitəsi ilə həyata keçirilir. Elə bu səbəbdəndir ki, körfəzin böyük hissəsinə nəzarəti həyata keçirən İran zaman-zaman Hörmüz boğazını bağlamaqla ABŞ və digər ölkələri təhdid edir. Hazırda Tehranın çıxılmaz vəziyyətdə olduğunu nəzərə alsaq, o zaman İslam Respublikasının adıçəkilən boğazı bağlayacağı real görünə bilər. Bəs görəsən bu ehtimal nə dərəcədə realdır? İran bu addım atsa, nələr baş verə bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyevin sözlərinə görə, Süveyş kanalı, Fars körfəzi və Hörmüz boğazı olduqca vacib əhəmiyyətə malikdir: “Neft-qaz və enerji ixracatında bu boğazların önəmi danılmazdır. Onların içində ən əhəmiyyətlisi İranın nəzarətində olan Hörmüz boğazıdır. Süveyş kanalına isə Misir tərəfi nəzarət edir. Hörmüz boğazından günlük təxminən 20 milyn barrel neft ixrac olunur. Körfəz dövlətlərinin ən çox bu kanal vasitəsi ilə neft ixrac etdiyini deyə bilərik. Küveyt, İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələr bu kanal vasitəsi ilə öz məhsullarını digər dövlətlərə, xüsusən də Avropaya göndərirlər. Odur ki, zaman-zaman İran tərəfi ABŞ-ı Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Amma Tehranın bu addımı atması çox çətindir. Odur ki, Hörmüz boğazını bağlasa belə bunu uzun müddətə edə bilməz. Çünki burada Oman, Səudiyyə Ərəbəsitanı kimi boğaza sahib olan dövlətlər də mövcuddur. Hər bir halda səsləndirilən fikirlər istisna deyil”.

Politoloq əlavə edib ki, adıçəkilən boğaz beynəlxalq tranzit yolu kimi istifadə edilir: “İran Hörmüz boğazını bağlasa, o zaman digər dövlətlər hərbi müdaxilə edərlər. Çünki böyük bir neft böhranı yaşana bilər. Süveyş kanalı isə Misirin nəzarəti atındadır. Onun əhəmiyyəti Aralıq və Qırmızı dəniz vasitəsi ilə Avropaya çıxış imkanları yaratmasıdır. Yəni Asiya və Avropanı əlaqələndirən bir kanaldır. Bir sözlə Hörmüz boğazını bağlaması İranın məhvinə gətirib çıxara bilər. Çünki böyük bir neft böhranının yaşanmasına heç kim imkan verməz”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
