Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükəbackend

Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə

“ABŞ ilə İran arasında müəyyən razılıqlar əldə olunsa da, münasibətlər yenidən kəskinləşib və danışıqlar dalana dirənib.

Əgər ABŞ yenidən İrana hücum edərsə, strateji nəqliyyat marşrutlarında, xüsusilə İranın təsir imkanlarının olduğu dəniz yollarında ciddi ləngimələr və təhlükəsizlik problemləri yarana bilər. Bura ilk növbədə Hörmüz və Babül-Məndəb boğazları, eləcə də digər strateji keçid məntəqələri daxildir. Belə bir ssenaridə dəniz nəqliyyatı müxtəlif təhlükələrlə üzləşə, daşımalar ləngiyə və bu da ilk növbədə neftin və digər enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb ola bilər. Hazırda məsələ ətrafında müzakirələr davam etsə də, yekun razılıq əldə olunmayıb”.

Elmir Səftərov

 

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Hadisələr bu istiqamətdə inkişaf edər və yenidən hərbi qarşıdurma, hətta qısamüddətli münaqişə baş verərsə, neftin dünya bazar qiymətlərinin yenidən yüksəlməsi ehtimalı kifayət qədər yüksəkdir.

Babül-Məndəb boğazının tamamilə bağlanması real görünməsə də, həmin marşrutdan keçən gəmilərin təhlükəsizliyi ciddi risk altına düşə bilər. Bu boğaz qlobal ticarət baxımından mühüm əhəmiyyət daşıyır və hər gün böyük həcmdə neft, yük və konteyner daşımaları həyata keçirilir.

Bölgədə ABŞ və müttəfiq ölkələrin güclü hərbi-dəniz qüvvələri fəaliyyət göstərir və koalisiya çərçivəsində gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çalışırlar. Husilər bölgədə tam nəzarəti təmin etməsələr də, pilotsuz uçuş aparatları, qanadlı raketlər və digər vasitələrlə ticarət gəmilərinə hücumlar həyata keçirərək təhlükəsizlik riskləri yarada, daşımaların ləngiməsinə və marşrutların dəyişdirilməsinə səbəb ola bilərlər”.

 

E. Səftərov bildirib ki, boğaz bağlanmasa da, bölgədə yaranan vəziyyət sığorta və daşınma xərclərini artıra, marşrutların dəyişməsinə, nəticədə isə neft, yanacaq və digər məhsulların bahalaşmasına səbəb ola bilər. Bu isə qlobal enerji bazarları üçün ciddi risk amilidir.

“Məhz buna görə də tərəflər arasında danışıqlar davam etdirilir. Çünki yeni hərbi qarşıdurma daha genişmiqyaslı iqtisadi və enerji böhranına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-nin strateji neft ehtiyatları son illərdə azalma tendensiyası göstərib və Vaşinqton bu ehtiyatları yenidən bərpa etməyə çalışır.

Hazırkı şəraitdə yeni müharibə baş verərsə, Qırmızı dənizdən keçən gəmilərin təhlükəsizliyinin zəifləməsi, eyni zamanda, Hörmüz boğazında daşımaların ləngiməsi və ya məhdudlaşdırılması Avropa və digər Qərb ölkələrinin enerji təchizatında ciddi problemlər yarada bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*