Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasova məxsus olduğu iddia edilən restoran sökülür.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, sözügedən obyekt Lənkəran-Lerik yolunun 41-ci kilometrliyində yenicə inşa edilirmiş. Yolun yuxarı hissəsində rayon icra başçısı Əkbər Abbasovun şəxsi təşəbbüsü ilə tikildiyi deyilən restoranın qanunsuz olduğu aşkar edilib. İddialara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə ərazidə tikinti işləri dayandırılıb.
Məsələ ilə bağlı redaksiyamızın sorğusuna Lerik RİH-dən belə açıqlama verilib:
“Bildiririk ki, Lənkəran-Lerik yolunun 41-ci kilometrliyində sahibkar tərəfindən rayon icra hakimiyyətinin rəsmi xəbərdarlıqlarına baxmayaraq, qanunsuz tikinti işləri aparmağa cəhd göstərilib. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və tikinti işləri dayandırılıb. Hazırda ərazidə söküntü işləri aparılır”.
İcra Hakimiyyətindən o da bildirilib ki, həmin ərazidə qanunsuz tikinti işlərini aparan sahibkarın rayon icra hakimiyyətinin başçısı ilə heç bir əlaqəsi yoxdur. Məlumatlar əsassız və böhtan xarakterlidir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də söküntü ilə bağlı faktı təsdiqləyib.
Sevinc Paşayeva,
KONKRET.az
