İsrail hökumətinin bir müddət əvvəl İngiltərədə hakimiyyətə gələn Leyboristlər Partiyası hökumətindən İsrailə silah satışını dayandırmasını gözlədiyi və digər ölkələrin də bu addımı atacağından narahat olduğu açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Yediot Ahranot” qəzetinin məlumatına görə, İngiltərədə Keyr Starmerin rəhbərlik etdiyi yeni hökumət İsrailə silah satışını dayandırmağa hazırlaşır.
İsrail hökuməti hesab edir ki, Britaniya Təl-Əvivə müdafiə ixracı lisenziyasını yaxın günlərdə ləğv edəcək. Bildirilib ki, Təl-Əviv administrasiyası regiondakı digər ölkələrin də oxşar addımlar ata biləcəyindən narahatdır.
Qeyd edək ki, Keyr Starmerin rəhbərlik etdiyi yeni hökumət bir neçə gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə əvvəlki hökumətin etirazını geri götürüb.
Hökumət həmçinin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə kəsilən maliyyə dəstəyini davam etdirəcəyini açıqlayıb.
Günel Mikayılova,
KONKRET.az