İdmançıdan ŞOK ADDIM – Olimpiadada iştirak etmək üçün barmağını kəsdibackend

İdmançıdan ŞOK ADDIM - Olimpiadada iştirak etmək üçün barmağını kəsdi

Paris Olimpiadasında iştirak etmək üçün barmağı amputasiya edilən avstraliyalı otüstü xokkeyçi Mett Dousonun qeyri-adi qərarı idman dünyasını şoka salıb.

KONKRET.az xəbər verir ki, avstraliyalı otüstü xokkeyçi Mett Douson iki həftə əvvəl Pertdə məşq edərkən sağ barmağını pis sındırıb və həkimlər tam sağalmanın aylar çəkəcəyini söyləyib.

30 yaşlı idmançı üçüncü Olimpiadada iştirak etmək arzusunu reallaşdırmaq üçün barmağını oynağından kəsərək həm komanda yoldaşlarını, həm də məşqçisini heyrətə salıb. Zədəsindən cəmi 16 gün sonra o, şənbə günü Argentina ilə qarşılaşmaq üçün komandası ilə meydanda olacaq.

Douson paltardəyişmə otağında barmağını görəndə zədəsinin nə qədər ciddi olduğunu anladığını və huşunu itirdiyini bildirib. Həmin an o, olimpiya arzusunun bitdiyini düşünüb. Lakin plastik cərrahla məsləhətləşdikdən sonra o çıxış yolu tapıb. Belə ki, cərrah ona barmağın bərpası üçün əməliyyatın uzun vaxt aparacağını deyib. Tam funksiyanın bərpa oluna bilməyəcəyini öyrənən idmançıya deyilib ki, barmağı kəsildikdən 10 gün sonra o, olimpiadada iştirak edə bilər.

Həyat yoldaşı Dousona tələsik qərar verməməsi barədə xəbərdarlıq etsə də, idmançı bu qərarı şüurlu şəkildə verdiyini bildirib. “Mən bilirəm ki, karyeramın sonuna yaxınlaşıram və bu, mənim son Olimpiadam ola bilər”.

Komandanın kapitanı Aran Zalevski bildirib ki, Dousonun bu qərarı komanda üçün şok olub, lakin sonda onu dəstəkləyiblər. O, Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, “Nə düşünəcəyimizi bilmirdik. Sonra onun xəstəxanaya getdiyini və barmağını kəsdiyini eşitdik. İnsanların burada olmaq üçün böyük fədakarlıqlar etdiyini bilirik”.

Dauson əvvəllər də ciddi zədə ilə üzləşib. O, 2018-ci il Birlik Oyunları ərəfəsində xokkey çubuğu ilə vurulduqdan sonra bir gözünü itirmək təhlükəsi ilə üzləşib. O, həmin turnirdə qızıl medal qazanan Avstraliya üçün oynamağa davam edib və Tokio Olimpiadasında gümüş medal qazanıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*