Ramazan ayında təşkil olunan pullu iftar süfrələri dini müstəvidə müzakirələrə səbəb olub. Bəs, Ramazan ayında təşkil olunan pullu iftar süfrələri dini baxımdan nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib ki, ehsan, qurban əti və iftar süfrəsinin pulla təqdim edilməsi dinə uyğun deyil.
Onun sözlərinə görə, bu, bir növ hər hansı məhsulu satıb sonradan ona “hədiyyə” adı verməyə bənzəyir:
“Hamı bilir ki, hədiyyə təmənnasız və pulsuz verilir. Ənənəvi qaydada insanlar oruc tutan yaxınlarını iftara dəvət edib, süfrə açıb və bundan ötrü heç vaxt pul almayıblar. Əgər təqdim olunan süfrə “iftar” adı ilə elan edilirsə, ondan pul almaq doğru deyil və günahdır”.
İlahiyyatçı qeyd edib ki, məsələ təqdimat formasından asılıdır:
“Əgər kimsə bunu iftar adı ilə elan etmirsə və insanlar adi qaydada yemək alıb özləri iftar edirlərsə, bu başqa məsələdir. Necə ki, insanlar heyvan alıb sonra onu qurban niyyəti ilə kəsə bilərlər. Amma kiminsə qurban elan etdiyi heyvanı başqa məqsədlə satmaq düzgün deyil”.
Tural İrfan vurğulayıb ki, son dövrlər dindən sui-istifadə halları artmaqdadır:
“Ramazan ayı ticarət ayı deyil, səxavət və mərhəmət ayıdır. Bu ayda təmənnasız yardım etmək, ehtiyacı olanlara dəstək olmaq əsasdır. Kimin imkanı varsa iftar verər, imkanı olmayan isə verməz. Lakin pullu iftar süfrələrinin təşkili nə dini baxımdan, nə də xalqımızın adət-ənənələrinə uyğun hesab edilə bilər”.
Aynurə İsmayıl
KONKRET.az
