İlin sonuna qədər bahalaşma olacaq – İqtisadçıdan AÇIQLAMAbackend

İlin sonuna qədər bahalaşma olacaq – İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda son aylarda qiymət artımı fonunda ilin sonuna qədər bahalaşmanın hansı templə davam edəcəyi maraq doğurur. Xüsusilə ərzaq məhsulları, xidmətlər və idxaldan asılı məhsullar üzrə qiymətlərin yenidən yüksəlməsi ehtimalı gündəmdədir.

Bəs ilin sonuna qədər Azərbaycanda bahalaşma davam edəcəkmi və qiymətlərdə kəskin artım gözlənilirmi?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, ilin sonuna qədər qiymət artımının davam etməsi ehtimalı var. Onun sözlərinə görə, hazırkı göstəricilər kəskin bahalaşmadan daha çox orta templə inflyasiyanın davam edəcəyinə işarə edir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər  artması xüsusən ciddi siqnaldır”

“2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri 5,7 faiz, ərzaq məhsulları üzrə qiymətlər isə 6,9 faiz artıb. Təkcə avqustda ərzaq qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, illik ifadədə isə 7,2 faiz yüksəlib”, – deyə iqtisadçı qeyd edib.

Akif Nəsirli bildirib ki, Mərkəzi Bankın son proqnozuna əsasən, 2026-cı ilin yekununda inflyasiyanın təxminən 5,9 faiz olması gözlənilir. Onun sözlərinə görə, xarici ərzaq qiymətlərinin artması, Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı inflyasiya, eləcə də geosiyasi gərginlik fonunda nəqliyyat və digər xərclərin yüksəlməsi əsas risklər sırasındadır.

İqtisadçı hesab edir ki, bu amillər ilin sonuna qədər xüsusilə ərzaq, xidmətlər və idxaldan asılı məhsulların qiymətində əlavə artımlara səbəb ola bilər. Bununla belə, bütün məhsullar üzrə eyni templə bahalaşmanın baş verəcəyi gözlənilmir.

“Avqust statistikasında bəzi meyvə-tərəvəz və digər ərzaq məhsullarında, əksinə, ucuzlaşma da qeydə alınıb. Buna görə də bütün bazar üzrə eyni istiqamətli və kəskin qiymət artımından danışmaq düzgün olmaz”, – Akif Nəsirli vurğulayıb.

Onun sözlərinə görə, hazırkı mənzərə ilin sonuna qədər bahalaşma ehtimalının yüksək olduğunu göstərsə də, mövcud proqnozlar nəzarətdən çıxmış kəskin qiymət sıçrayışından daha çox, illik 5–6 faiz ətrafında inflyasiyanın davam edəcəyinə işarə edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*