İlin sonuna qədər kommunal xidmətlər bahalaşa bilər? – Elektrik, qaz və su tarifləri ilə bağlı AÇIQLAMAbackend

İlin sonuna qədər kommunal xidmətlər bahalaşa bilər? - Elektrik, qaz və su tarifləri ilə bağlı AÇIQLAMA

İnternet xidmətlərinin qiymətindəki artım əhalinin aylıq xərclərinə təsir etməklə yanaşı, digər xidmətlərin maya dəyərinin yüksəlməsi ehtimalını da gündəmə gətirir. Xüsusilə elektrik enerjisi, qaz və su kimi kommunal xidmətlərdə tarif dəyişiklikləri ilə bağlı suallar artır.

 Bəs internet qiymətlərinin bahalaşması ilin sonuna qədər kommunal xidmətlərin tariflərinə də təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, kommunal xidmətlərin tarifləri Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir və hazırda bu sahədə yeni artımla bağlı rəsmi qərar yoxdur.

Ekspertin sözlərinə görə, bu il elektrik enerjisi və qaz üzrə əlavə 1 manatlıq ödəniş müəyyənləşdirilib:

“Bu ödəniş orta statistik ailənin elektrik və qaz sərfiyyatı nəzərə alındıqda təxminən 5-10 faizlik əlavə xərc deməkdir. Artıq bu formada tətbiq olunur. Lakin kommunal xidmətlərin tariflərini Tarif Şurası müəyyən edir və artırır. Bu il hər hansı artımın baş verə biləcəyi ehtimalı digər qiymət artımları və ümumi xərclərin yüksəlməsi fonunda mövcuddur. Amma hələlik Tarif Şurasının bununla bağlı qərarı yoxdur”.

V.Oruc qeyd edib ki, 1 manatlıq əlavə ödənişin tətbiqindən sonra kommunal xidmətlərin tariflərinə yenidən baxılması bu il baş verməsə, 2027-ci ilin əvvəlində gündəmə gələ bilər.

“İnternet xidmətlərinin qiymətinin artması da ümumi xərc mənbəyi kimi digər xidmətlərin maya dəyərinə təsir göstərir. Bir xidmətin qiyməti artdıqda, digər sahələrdə də xərclərin yüksəlməsi baş verir və bu, ardıcıl qiymət artımlarına səbəb olur. Lakin bu, internet provayderlərinin qiymətləri artırsa, qaz, su və elektrik enerjisinin tariflərinin də avtomatik yüksələcəyi anlamına gəlmir. Burada birbaşa əlaqə yoxdur, təsir daha çox dolayı xarakter daşıyır”.

Ekspertin sözlərinə görə, internetdən istifadə artıq bir çox xidmət sahələrində mühüm xərc komponentinə çevrilib. Buna görə də internet tariflərinin yüksəlməsi xidmətlərin maya dəyərinə müəyyən təsir göstərə bilər.

“Enerji infrastrukturu, texniki xidmət və digər xərclərdə də artım yaranarsa, bu, kommunal xidmətlərin tariflərinin gələcəkdə yenidən nəzərdən keçirilməsinə səbəb olacaq. Bununla yanaşı, hazırda elektrik enerjisi, qaz və su tariflərinin artacağını demək üçün konkret əsas yoxdur. Bu məsələ Tarif Şurasının mövqeyindən asılı olacaq. Lakin mövcud xərclərin artımı onu ehtimal etməyə imkan verir ki, ya bu ilin sonuna qədər, ya da gələn ilin əvvəlində müəyyən qiymət dəyişiklikləri gündəmə gələ bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*