İndoneziya “qızıl viza” proqramına start verdibackend

İndoneziya “qızıl viza” proqramına start verdi

İndoneziya daha çox xarici investisiya cəlb etmək üçün kapital sahibləri və bacarıqlı mütəxəssislər üçün ölkədə 5 və ya 10 il qalmaq imkanı verən “qızıl viza” proqramına başlayıb.

KONKRET.az xəbər verir ki, prezident Coko Vidodo açıqlamasında bildirib ki, “qızıl viza” xarici sərmayələrin ölkəyə cəlb edilməsini asanlaşdıracaq və istehsala töhfə verəcək investorların axınına səbəbə olacaq.

Qeyd edək ki, “Qızıl viza”nı əldə etməyin 9 fərqli yolu var. Ölkəyə 2,5 milyon dollar sərmayə qoyanlara 5 il, 5 milyon dollar yatıranlara isə 10 illik yaşayış icazəsi veriləcək.

Turistlər dövlət banklarına 350 min dollar yatırmaqla 5 il, 700 min dollar yatırmaqla 10 il müddətinə yaşamaq icazəsi ala biləcəklər. Depozitə qoyulan pul gələcəkdə dövlət istiqrazlarını və ya Mərkəzi Bankın siyahısında olan şirkətlərin səhmlərini almaq üçün istifadə oluna bilər.

130 min dolları dövlət banklarına yatırıb dəyəri 1 milyon dollardan yuxarı olan ev alanlar 5 illik viza ala biləcəklər.

Şirkətlər 5 illik qalmaq üçün 25 milyon dollar, 10 illik qalmaq üçün isə 50 milyon dollar sərmayə qoymağı öhdəsinə götürərsə, menecerləri və yüksək vəzifəli məmurları üçün də qızıl viza almaq asanlaşacaq.

Xatırladaq ki, ilk qızıl viza “OpenAI” şirkətinin baş direktoru Samuel Harris Altmana verilib.

İndoneziya İmmiqrasiya İdarəsinin baş direktoru Silmi Kərim deyib ki, “qızıl viza” müraciəti 2023-cü ilin avqust ayından etibarən sınaqdan keçirilir və bu günə qədər təxminən 300 nəfərə viza verilib. Ölkəyə 123 milyon dollar sərmayə qoyulub.

Kərim qeyd edib ki, İndoneziya 2024-cü ilin sonuna qədər 1000 “qızıl viza” vermək niyyətindədir.

İndoneziya 2024-cü ildə 5,2 faiz iqtisadi artım hədəfinə nail olmaq üçün yerli və xarici birbaşa investisiyalardan 101,5 milyard dollar alacağını gözləyir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*