İnsanlar niyə yuxularını unudurlar?backend

İnsanlar niyə yuxularını unudurlar?

Bir çox insan maraqlı və ya qeyri-adi bir yuxudan oyandıqdan qısa müddət sonra onun detallarını xatırlaya bilmir.

Bəzən isə yuxunun yalnız müəyyən hissələri yadda qalır qalan məqamlar isə silinib yox olur. Bəs bunun səbəbi nədir?

KONKRET.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, insanlar hər gecə bir neçə dəfə yuxu görürlər. Yuxuların əksəriyyəti beynin daha aktiv olduğu REM mərhələsində baş verir. Lakin bu zaman əldə olunan məlumatlar uzunmüddətli yaddaşda tam şəkildə möhkəmlənmədiyi üçün yuxuların böyük hissəsi oyandıqdan sonra tez unudulur.

Nevroloqların sözlərinə görə, insan oyanan kimi beynin diqqəti real həyata yönəlir. Gün ərzində qarşılaşılan yeni məlumatlar, səslər və müxtəlif hadisələr yuxu xatirələrinin yerini tutur. Bu da onların yaddaşdan silinməsini sürətləndirir.

Araşdırmalar göstərir ki, insanlar oyandıqdan sonra ilk beş dəqiqə ərzində yuxularının təxminən yarısını unudurlar. On dəqiqə sonra isə yuxuların böyük hissəsini xatırlamaq mümkün olmur. Alimlər bunu beynin vacib hesab etmədiyi məlumatları yaddaşdan çıxarması ilə əlaqələndirirlər.

Psixoloqlar hesab edirlər ki, yuxular insanın emosiyaları, gündəlik təcrübələri və düşüncələri ilə bağlı ola bilər. Bununla belə onların gələcəyi xəbər verməsi və ya hər birinin xüsusi məna daşıması barədə elmi sübut yoxdur.

Maraqlıdır ki, bəzi insanlar yuxularını digərlərindən daha yaxşı xatırlayırlar. Mütəxəssislər bunu oyandıqdan sonra diqqətin həmin xatirələrə yönəldilməsi ilə izah edirlər. Hətta yuxularını müntəzəm qeyd edən şəxslərin zamanla onları daha yaxşı xatırladığı müşahidə olunub.

Alimlərin fikrincə, yuxuların unudulması beynin normal fəaliyyətinin bir hissəsidir. Bu mexanizm beynin lazımsız məlumatlarla yüklənməsinin qarşısını alır və daha vacib informasiyaların yadda saxlanmasına kömək edir.\\sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*