Son dövrlərdə Azərbaycanda geniş yayılan fəaliyyət növlərindən biri də lombardlardır. Sahibkar vətəndaşlardan aldığı girov qarşılığında onlara müəyyən faizlə pul verir. Əgər vətəndaş həmin faizi qısa bir müddət gecikdirsə onun əmanəti haqsız yerə mənimsənilir. İnsanların çarəsizliyindən, imkansızlığından istifadə edən bu şəxslər onların son ümid yerini də puça çıxarır. Bu mövzuda redaksiyamıza da çoxsaylı şiakyətlər gəlir. Vətəndaşlar lombardların haqsız fəaliyyətindən çoxsaylı narazılıqlarını ifadə edirlər. Bütün bunları nəzərə alaraq məsələni araşdırmaq qərarına gəldik.
Mövzu ilə bağlı KONKRET.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, lombardların fəaliyyəti ilə bağlı faktiki olaraq qanun yoxdur: “Qanun layihəsi hazırlanıb və parlamentə təqdim edilib. Lakin bu qanun nəyə görəsə qəbul edilmir. Kimlərsə bu məsələyə müqavimət göstərir. Digər tərəfdən qanun olmasa belə lombard faizə pul verən kredit təşkilatıdır. Burada faiz məhdudiyyəti yoxdur. Lombard sahibi istənilən faizlə vətəndaşa pul verə bilir. Lombardın bank və bank olmayan kredit təşkilatlarından fərqi budur ki, sahibkar öz pulunu faizə verir. O başqa yerlərdən pul cəlb edə bilməz. Azərbaycanda lombardların nizamnamə kapitalına baxsa görərik ki, onların həcmi 10-20 manatdır. Bu o deməkdir ki, lombardlar öz pulunu kreditə vermir. Başqa yerdən pul cəlb edərək vətəndaşlara yüksək faizlə pul təkilf edirlər. Bu isə qnaunsuz bank fəaliyyətidir”.

Ekspert qeyd edib ki, bu özbaşınalıqlara görə həmin lombard sahibləri qanunla məsuliyyətə cəlb edilməlidir: “Lakin təəssüf ki, bu istiqamətdə heç bir iş aparılmır. Digər bir qanun pozuntusu isə odur ki, lombardlar vətəndaşların verdiyi qızılı məhkəmə olmadan onların əlindən alır və mənisməyir. Bu, qanunun tələblərinə ziddir. Azərbaycanda fəaliyyət göstərən lombard sahibləri qanunun tələblərinə əməl etmir. Başqa bir məqam isə odur ki, sahibkar vətəndaşlardan qanunsuz əmanətlər toplayır və kredit verir. Bu işlərin ən çox yayıldığı ərazi Pirallahıdır. Orada vəziyyət çox pisdir. Lakin Bakının digər yerlərində də belə qanunsuz fəaliyyət göstərən lombardlar görmək mümkündür. Hesab edirəm ki, bu istiqamətdə inzibati tədbirlər görülməlidir. Yeni qanuna görə lombardların fəaliyyəti lisenziyalaşdırılacaq. Yəni məhkəmə onlara fəaliyyət göstərmək üçün lisenziya verməlidir. Belə olan halda özbaşınalıqların qarşısı alına bilər. Çünki qanunla Mərkəzi Bank onların fəaliyyətinə nəzarət edəcək”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
