İran ABŞ-ı bu yolla çaşdırdı – Quru qoşunları regiona girməyə qorxurbackend

İran ABŞ-ı bu yolla çaşdırdı – Quru qoşunları regiona girməyə qorxur

Tarix boyu Pentaqon İrana hücum ssenariləri cızsa da müharibəni mümkünsüz sayıb. Lakin bu gün Pentaqon yenidən İrana qarşı mümkün tədbirlər üçün müxtəlif variantları, o cümlədən Amerika qoşunlarının istifadəsini əhatə edən ssenariləri nəzərdən keçirir.

Bu ssenari hər zamankı kimi kağız üzərində qalacaq, yoxsa hücum planı işə düşəcək?

Politoloq Elşən Manafov KONKRET.az-a açıqlamasında bildirib ki, rəsmi Vaşinqtonun birbaşa quru müdaxiləsi ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, İranın mürəkkəb dağlıq relyefi, böyük ərazisi və güclü silahlı qüvvələri ABŞ-ın strateji planlarına əngəl yaradır.

Elşən Manafov: “Danışıqların alternativi hərb meydanıdır”

Manafov əlavə edib ki, ABŞ artıq iki həftə ərzində İrana qarşı hərbi əməliyyatlara təqribən 12 milyard dollar xərcləyib. Hərbi əməliyyatların uzanması isə əlavə maliyyə yükü gətirir. Bu səbəbdən Ağ Ev Konqresdən müharibənin davam etdirilməsi üçün büdcədən əlavə 200 milyard dolların ayrılmasını xahiş etməyi planlaşdırır. Lakin demokratların bu təklifi dəstəkləməyəcəyi gözlənilir.

Elşən Manafov ABŞ-ın İrana quru qoşunları ilə müdaxilə etməməsinin digər səbəblərini də vurğulayıb:

“İran cəmiyyətinin monolitliyi, siyasi rejim ətrafında birləşməsi, silahlı qüvvələrinin gücü və əzmkarlığı ABŞ və İsrailin strateji hesablamalarına təsir edir”.

Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və ABŞ-ın müttəfiqlərinə olan çağırışlarının cavabsız qalması göstərir ki, Avropa dövlətləri regionda hərbi avantyuraya dəstək vermək niyyətində deyil. Manafov qeyd edib ki, ABŞ yalnız öz təhlükəsizliyini və İsrailin maraqlarını qoruyur, ərəb ölkələrinin hava məkanı üçün heç bir əməli addım atmır.

Politoloq sonda bildirib ki, quru qoşunlarının İrana müdaxiləsi yalnız lokal münaqişəni qlobal təhlükəsizlik riskinə çevirə bilər. Bu halda İranın proksi qüvvələrinin aktivləşməsi, ABŞ-ın isə Çin-Rusiya alyansına qarşı koordinasiya tələb etməsi qaçılmaz olacaq. İsrailin təhdid etdiyi Türkiyə isə bitərəf qala bilməyəcək.

Dəniz Pənahova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*