“İran bu addımı atsa, özü ağır zərbə alacaq” – İLGİNC AÇIQLAMAbackend

“İran bu addımı atsa, özü ağır zərbə alacaq” – İLGİNC AÇIQLAMA

ABŞ-ın dünyaca məşhur “Wall Street Journal” nəşrində dərc edilən məqalə sözün əsl mənasında gündəmi bir-birinə vurub. Nəşr bildirib ki,  İran diqqəti ölkə daxilindəki etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqa hücum edəcək. Hətta bu məlumata Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmisi də biganə qalmayıb. Ağ Ev rəsmisi “biz öz maraqlarımızı və regiondakı tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, deyə nüfuzlu nəşrdə yayılan məlumatlardan narahatlığını ifadə edib. Bəs görəsən səsləndirilən iddiaların əsası varmı? Yayılan iddialar nə dərəcədə reallaşa bilər?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, adıçəkilən qəzet dünyanın nüfuzlu nəşrlərindən sayılır və məlumatları əsasən mötəbər mənbələrdən əldə edir: “Adətən avtoritar və totalitar rejimlər daxili problemlərdən diqqəti yayındırmaq üçün xaricdə özlərinə hansısa düşmən obrazı yaradırlar və bunun üzərindən cəmiyytə mesaj verirlər. Bununla da daxildəki gərginlikləri və etirazları azaltmağa səy göstərirlər. İran buna Azərbaycan sərhədlərində gərginlik yaratmaq, təhdidlər yağdırmaq və təlimlər keçirməklə cəhd edib. Amma istəyinə nail ola bilməyib. Çünki Azərbycana qarşı əsassız iddialar irəli sürülüb. Digər tərəfdən İran hökuməti anlayır ki, Azərbaycanın üzərinə bu qədər yüklənmək rəsmi Tehranın özü üçün ciddi fəsadlar yarada bilər. Eyni zamanda Azərbaycan cəmiyyətinin bu təhdidlər qarşısında vahid mövqe sərgiləməsi, Prezidentin sərt mövqe nümayiş etdirməsi İranın planlarının puça çıxması ilə nəticələnib”.

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Səudiyyə Ərəbistanına və İraqa hücumla bağlı Oqtay Qasımov bunları deyib: “İran bu iki dövlətlə uzun müddətdir ki, rəqabət aparır. Səudiyyə və İran münasibətləri kifayət qədər mürəkkəb və gərgindir. Hər iki dövlət əsasən dini qaydalarla idarə olunur və ayrı-ayrı təriqətləri təmsil edir. Səudiyyə Ərəbistanı Vəhabiliyi özünün dini təriqəti kimi qəbul edir və onun şərtlərinin təbliğatını aparır. İran isə fars şovinizminə əsaslanan, “sasani düşüncəsi” və fars şovinizminin İslam dini ilə qarışığından ortaya çıxan bir sistem ortaya çıxarıb. İslam dinini bu fars şovinizminə alət edərək, onun üzərindən siyasət yürütməyə cəhd göstərir. Bu ziddiyyətlər İranın ekspansianist siyasəti ilə bağlıdır. Çünki İran Səudiyyə Ərəbistanında, eləcə də Yaxın və Orta Şərqin bir hissəsində özünə yaxın terror qruplaşmalarını dəstəklyir. Onlar vasitəsi ilə də həmin bölgədəki dövlətlərə təsir göstərməyə çalışır. Məsələn Fələstində Həmasa, Livanda Hizbullaha, Suriyada Əsəd rejiminə, İraqda Həşdü-Şabiyə dəstək verir. Yeri gəlmişkən ABŞ işğalndan sonra İraq hakimiyyətinin faktiki olaraq 60 faizi İranın nəzarəti altına keçib. Hətta İraqda son parlament seçkilərindən sonra Müqtəda əs-Sədrin tərəfdarları iranın artan təsirindən narahatlığını ifadə edirlər. Əlbəttə ki, İran İraqdakı nüfuzunun azalmasından narahat olur. Çünki rəsmi Tehranın bütün planı İraq ərazisi vasitəsi ilə Suriya və Aralıq dənizinə çıxmaq və Qərbi İranı yaratmaqdır. İndiki halda İraq İranın təsir dairəsindən çıxsa, bu zaman Tehranın vəziyyəti xeyli çətinləşəcək. Amma İranın birbaşa olaraq Səudiyyə Ərəbistanına hücum edəcəyini düşünmürəm. Çünki Səudiyyə ABŞ-ın Yaxın və Orta Şərqdəki əsas müttəfiqidir. Həmçinin son vaxtlar körfəz ölkələrinin İsraillə münasibətləri nizama düşür. Eyni zamanda İslam dininin müqəddəs yerlərinin (Məkkə, Mədinə) Səudiyyə ərazisində olması da İranın əleyhinə işləyən faktorlardandır. Ona görə də Səudiyyəyə hücum ediləcəyi haqda iddiaları real hesab etmirəm. Amma İraqda İranın daha sərbəst hərəkət edəcəyini söyləmək mümkündür. Çünki İraqda İrana yaxın qüvvələr var”.

Politoloq əlavə edib ki, İranın bu kimi məsələlərdə uğur qazanmaq imkanı yoxdur: “Çünki Tehran hazırda dünyanın hədəfində olan ölkələrdən biridir. Ukraynadakı işğalçı savaşda Rusiyanın yanında açıq şəkildə yer aldığına, onu dronlarla təmin etdiyinə görə İran dünyanın hədəf taxtasına oturub. Buna görə də, İraqa və ya Səudiyyəyə hücum edəcəksə, o zaman İranın özü ağır zərbə alacaq. Çünki region ölkələrinin bu məsələlərə münasibəti birmənalı deyil. Digər tərəfdən kollektiv Qərbin mövqeyi də kəskindir. Ona görə də, İran bu avantüradan uğurla yox, ciddi şəkildə zərərlə çıxacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*