1964-cü il oktyabrın 13-də saat 15:30-da Kremldə SSRİ KP MK Rəyasət Heyətinin tarixi iclası başladı. Pitsundadan təcili Moskvaya çağırılan Nikita Xruşov karyerasında sonuncu dəfə sədr kreslosunda oturdu. Bir gün əvvəl axşam Nikita Sergeyeviç Anastas Mikoyana zəng edib belə şikayətlənmişdi: “Əgər məni istəmirlərsə, qoy belə olsun. Mən artıq etiraz etməyəcəyəm”.
İclasda ilk sözü Brejnev alaraq bildirdi ki, vilayət komitələrinin katiblərinin Xruşovun işinə dair xeyli sualı yığılıb. Birinci katib döyüşsüz təslim olmadı. O, səhvlərini etiraf edib onları daha keyfiyyətli işlə düzəltməyə hazır olduğunu bildirdi. Lakin çıxışından sonra tənqidçilərin çoxsaylı çıxışları başladı, bu çıxışlar axşama qədər uzandı və oktyabrın 14-ü səhər də davam etdi. “Günahların sadalanması” irəlilədikcə “hökmün” yalnız bir ola biləcəyi, yəni istefa olduğu daha aydın görünürdü. Xruşova “bir şans daha vermək” yalnız Mikoyan istəyirdi, lakin onun mövqeyi dəstək tapmadı.
Xruşova bir daha söz verildi: “Mərhəmət istəmirəm, məsələ həll olunub. Mikoyana demişəm: mübarizə aparmayacağam… Sevinirəm ki, nəhayət, partiya böyüyüb və istənilən adamı nəzarətdə saxlaya bilər. Yığışıb mənə murdar şeylər sürtürsünüz, mən isə etiraz edə bilmirəm”. Faktiki olaraq istefaya göndərilən Birinci katib işini belə yekunlaşdırdı.
SSRİ KP MK Plenumu “yoldaş Xruşov haqqında” qərarı yekdilliklə qəbul etdi. Qərara əsasən o, “yaşının ötməsi və səhhətinin pisləşməsi ilə əlaqədar” tutduğu vəzifələrdən azad edildi.
Xruşov SSRİ KP MK-nın Birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri vəzifələrini birləşdirirdi. Bu vəzifələrin birləşdirilməsi məqsədəuyğun hesab edilmədi, partiya üzrə varis olaraq Leonid Brejnev, “dövlət” üzrə isə Aleksey Kosıgin təsdiq edildi. Mətbuatda Xruşovun darmadağın edilməsi olmadı. İki gün sonra qəzetlərdə MK-nın növbədənkənar plenumunun keçirilməsi və Xruşovun vəzifədən kənarlaşdırılması haqqında qısa məlumat çıxdı. Nikita Sergeyeviçə lənət əvəzinə unutqanlıq hazırlandı: sonrakı 20 il ərzində SSRİ-nin rəsmi kütləvi informasiya vasitələri keçmiş lider haqqında demək olar ki, heç nə yazmadı.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
